Avropa İttifaqı Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketi çərçivəsində Azərbaycan, Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Mavrikiyadan olan 18 xarici şirkətə qarşı sanksiya tətbiq edib.
Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında yer alıb.
Sanksiyaya məruz qalan xarici şirkətlər arasında Çinin “Bellatrix Energy”, “Zhu Jiang Shipmanagement”, “ACE Electronic HK”, “Wuhan Global Sensor Technology” və “Shandong ODES Industry”, Hindistanın “Intershipping Services Hub Private” və “Nayara Energy”, Mavrikiyanın “Redbird Corporate Services” və “Sapang Shipping” Sinqapurun “2Rivers PTE”, Azərbaycanın “Aqua Fleet Management”, BƏƏ-nin “Intershipping Services”, “Twister Shipmanagement”, “Admiral Group”, “Milavous Group”, “2Rivers DMCC”, “Monolink Group” və “Tarabya Logistics” şirkətləri yer alıb.
Qeyd edək ki, Azərbaycanda qeydiyyatdan keçən “Aqua Fleet Management” şirkətinin 100 manat nizamnamə kapitalı var. O, 2024-cü ilin avqustunda gürcü əsilli İremadze Kaxaber adlı şəxsin adına qeydiyyatdan keçirilib. Şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, 5-ci bina, 25-ci mənzil göstərilir. Şirkətin neftdaşıma fəaliyyəti ilə məşğul olduğu bildirilir. Onun “Saurri” və “Ederra” adlı iki tankerinin və “Temirro” adlı yük gəmisinin olduğu bildirilir. Gəmilərin beynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü məlumdur. Belə görünür ki, Aİ sözügedən gəmilərin Rusiyadan neft daşımalarında iştirak etməsindən şübhələnir.
