Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının gənc hakimi Ceyhun Quliyevin qanunlara uyğun qərar qəbul etməməsi ilə bağlı ciddi narazılıq yaranıb.
Vəkil Əziz Qənbərli bildirib ki, artıq ikinci işində gənc hakim qanunsuz qərara imza atıb və bu, dövlətin maraqlarına zidd hərəkətlər kimi qiymətləndirilir. Vəkil həmçinin əvvəlki ədalətli hakimlər, xüsusən Vəli Abdullayev və İnam Kərimov barədə fikirlərini də bölüşərək, 2025-ci ilin məhkəmə təcrübəsində müşahidə etdiyi problemləri qeyd edib.

Əziz Qənbərli konkret olaraq Ağcabədi rayonunda məcburi köçkün H.Ə.Ş.-nin torpaq və fermanın istifadəsi ilə bağlı yaşanan hüquq pozuntularını diqqətə çatdırıb. O bildirib ki, hakim Ceyhun Quliyev həm qanunsuz qərar qəbul edib, həm də Prezidentin imzaladığı sərəncamlardan xəbərsiz davranıb.
Vəkil, eyni zamanda, Məhkəmə-Hüquq Şurasından və İnam Kərimovdan məsələyə müdaxilə etməsini xahiş edib:
“Allah tərəfi, deyim ki, Vəli Abdullayev həm Gəncə şəhər Kəpəz rayon Məhkəməsində, həm də Şirvan Apellyasiya Məhkəməsinə sədr təyin edildiyi gündən hər zaman yaddaşımda ən ədalətli hakim və sədr kimi qalıb. Bu gün də onun haqqında fikir dəyişikliyim yoxdur”.
Əziz Qənbərli Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının gənc hakimi Ceyhun Quliyevdən isə narazılığını dilə gətirib:
“Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının gənc hakimi Ceyhun Quliyevdə sayca bu gün ikinci işim oldu. Birinci işimdə verdiyi qanunsuz qərar Bakı Apellyasiya Məhkəməsində ləğv edildi və Ali Məhkəmədə də qüvvədə qaldı.
İkinci qanunsuz qərarı isə bu gün qəbul etdi. Müvəqqəti təmin tədbiri qismində Şirvan İnzibati Məhkəməsinin qərardadını ərizəçinin “subyektiv hüququn yoxdur” deyə ləğv edib, Ağcabədi rayon İcra Hakimiyyətinin qanunsuzluğuna dövlət adından qanuni don geyindirib.
Cənab Prezidentin sərəncamından xəbəri olmayan hakimin bu qədər önəmli vəzifəyə təyin edilməsi nə dərəcədə düzdür? Bu ritorik sualım Məhkəmə-Hüquq Şurasınadır. Hakimləri Prezidentə təyinat üçün təqdim edəndə diqqətli olmaqlarını xahiş edirəm”.
Əziz Qənbərli həmçinin deyib:
“2014-cü ildən vəkiləm. 2023-cü ildə İnam müəllim Ali Məhkəməyə sədr təyin ediləndə çox sevindim. Açığı, 2023-2024-cü illərdə çoxsaylı ədalətli qərarların şahidi oldum. 2025-ci ilə isə elə bir hər şey tərsinə çöndü. Hətta Ali Məhkəmə özünün qanuni qərarını sonradan tanımadı. 2014-cü ildən 2025-ci ilədək məhkəmələrin belə vəziyyətə düşməsinin şahidi olmamışam. Qanunların tətbiq edilməsi sahəsində təcrübəsizlik dövlətimizi sarsıdır!”
Vəkil qarşılaşdığı qanunsuzluq barədə bu sözləri qeyd edib:
“1992-ci ildən 2019-cu ilədək məcburi köçkünün qanuni istifadəsində olan dövlət torpağı və onun üzərində inşa edilmiş fermanın mülkiyyətçisinə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququn yoxdur əsası ilə ərizəni rədd etdi. İşin halları ondan ibarətdir ki, Xocavənd rayonundan məcburi köçkün H.Ə.Ş Ağcabədi rayon İcra Hakimiyyətindən iki dəfə, hər dəfəsi 15 il müddət olmaqla uzunmüddətli icarə müqaviləsi bağlayıb və torpaq sahəsi icarəyə götürərək ferma yaradıb. Fermada 500-ə yaxın xırdabuynuzlu heyvan var.
Ağcabədi rayon İcra Hakimiyyəti isə həmin torpaq sahəsinin qanunsuz yollarla digər şəxsə verilməsi barədə sərəncam imzalayıb. Qanunsuzluğu ondan ibarətdir ki, torpaqların idarə edilməsi haqqında qanunun tələbinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə verilən zaman Kənd Təsərrüfatı Nazirliyinin və Əmlak Komitəsinin rəyi lazımdır. Kənd Təsərrüfatı Nazirliyi İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz olduğunu bilərək rəy verməyib, Əmlak Komitəsi isə rəy verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01.07.2004-cü il tarixli 298 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.
Mən sərəncamı prosesdə elan edəndə hakim həmin sərəncamdan xəbərinin olmadığını bildirdi. İclasın video diskinə də baxsanız, görərsiniz. Belə bir mühüm qanundan Apellyasiya Məhkəməsinin hakiminin xəbərinin olmaması, vallah, utanvericidir. Mən artıq o həddə gəlmişəm ki, bu cür qanunsuzluqların qarşısında vəkillik etməyim. Artıq bu barədə fikirləşməyin vaxtıdır, məncə. Ancaq mən bu barədə qərarımı Məhkəmə-Hüquq Şurasının sədri olan hörmətli İnam Kərimovun şəxsən qəbuluna düşəndən sonra elan edəcəyəm. Hazırda isə İnam Kərimovdan xahiş edirəm ki, məni qəbul etsin”./musavat.com
