Azərbaycanda məhkəməyədək icraat elektron qaydada aparılacaq.
Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, elektron qaydada məhkəməyədək icraat cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə həyata keçiriləcək. Prosessual sənədlər və digər məlumatlar bu məcəllə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada mübadilə edilə biləcək.
Həmçinin cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində istintaq prosesinin iştirakçılarının və istintaq prosesində iştirak edən digər şəxslərin iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq, prosessual sənədləri göndərmək və qəbul etmək, habelə prosessual hərəkətdə iştirak etmək imkanlarını təmin edən elektron kabinet yaradılacaq.
Məhkəməyədək icraat elektron qaydada həyata keçirildikdə istintaq prosesinin iştirakçıları və istintaq prosesində iştirak edən digər şəxslər cinayət təqibi orqanlarının müvafiq informasiya sistemlərində qeydiyyatdan keçmişlərsə, bu məcəlləyə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədlər və digər məlumatlar onların elektron kabinetlərində yerləşdiriləcək.
Bu barədə həmin şəxslərə cinayət təqibi orqanlarının müvafiq informasiya sistemləri vasitəsilə elektron qaydada (imeyl və SMS vasitəsilə) məlumat veriləcək. Sənəd elektron kabinetdə yerləşdirildikdə və bu barədə sənədin göndərildiyi şəxsə məlumatın elektron qaydada verilməsi təmin edildikdə o, rəsmi qaydada verilmiş hesab ediləcək.
