Azərbaycan Cənubi Qafqaz regionunda şəriksiz geopolitik İradə sahibidir. İkinci Qarabağ savaşından sonra bu regionda bütün istiqamətlər üzrə oyun qaydaları məhz rəsmi Bakı tərəfdən müəyyən edilir. Rəsmi Bakının razılığı olmadan Cənubi Qafqazda heç bir kənar dövlətin maraqları və iddiaları reallığa çevrilə bilməz. Və bu situasiya Azərbaycan Cənubi Qafqazdakı inkaredilməz hegemon mövqeyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Cənubi Qafqazda bu regiona aidiyyəti olmayan dövlətlərin müdaxiləsinə qarşı çıxır. Azərbaycanın siyasi rəhbərliyi hesab edir ki, Cənubi Qafqazın gələcək taleyini məhz üç region dövlətinin ortaq maraqları və siyasi iradəsi həll edə bilər. Və bu regiona aidiyyəti olmayan dövlətlərin, yaxud da beynəlxalq qurumların Cənubi Qafqazda öz geopolitik maraqlarını diqtə etməyə çalışması yolverilməzdir.
Təbii ki, rəsmi Bakının belə prinsipial və qətiyyətli mövqe tutması, Azərbaycanın bu regiona aidiyyəti olmayan dövlətlərin Cənubi Qafqaza müdaxilə cəhdlərinə müqavimət potensialı neoimperialist dairələri ciddi şəkildə həm narahat edir, həm də qıcıqlandırır. Ona görə də, hazırda Azərbaycan çapraz hücumların hədəfinə çevrilmiş kimi görünür. Belə ki, bir tərəfdən, Cənubi Qafqaza yerləşmək cəhdləri rəsmi Bakı tərəfdən qətiyyətlə bloklanmış Avropa Birliyinə bağlı qurumlar Azərbaycana qarşı qərəzli beynəlxalq kampaniya aparır.
Digər tərəfdən isə Cənubi Qafqazı hələ də Rusiyanın “əbədi və ənənəvi təsir dairəsi” hesab edən Kreml Azərbaycana qarşı siyasi-psixoloji savaş açıb. Kremldə hələ də Rusiyanı imperiya, Cənubi Qafqazı isə onun “tərkib hissəsi” hesab edirlər. Halbuki, zamanın və şərtlərin sürətlə dəyişdiyi, Rusiyanın qlobal mövqelərini artıq itirdiyi, Cənubi Qafqazın isə Kremlin deyil, məhz Azərbaycanın təsir dairəsində olduğu inkaredilməz reallıqdır. Və mövcud situasiyada Kremlin bu yeni reallığı dəyişəcək potensialı yoxdur.
Əslində, Kremldə də Rusiyanın Cənubi Qafqazda Azərbaycanın geopolitik iradəsinə uduzduğunu anlayırlar. Ancaq Kremldə hökm sürən ənənəvi neoimperialist əhval-ruhiyyə bu reallığı qəbul etməyə imkan vermir. Və ona görə də, Kreml rəsmi Bakı ilə normal münasibətlər qurmaq əvəzinə, Azərbaycanın üzərinə total hücuma keçib.
Məsələ ondadır ki, Rusiya Azərbaycana qarşı bütün “qara propaqanda arsenalı”nı hərəkətə gətirib. Belə ki, solovyovlar Kremldən Azərbaycan da daxil olmaqla, bütün postsovet dövlətlərini yenidən işğal olunmasını tələb edir. Rusiya Dövlət Dumasının MDB siyasətini təmsil edən ermənipərəst Konstantin Zatulin isə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Və rəsmi Bakının beynəlxalq hüquq normaları çərçivəsində müstəqil xarici siyasət yürütməsini Rusiyaya qarşı fəaliyyət kimi təqdim etməyə çalışır.
Maraqlıdır ki, bütün postsovet məkanını, eləcə də, Cənubi Qafqazı Rusiyanın “hegemonluq coğrafiyası” hesab edən Kreml Azərbaycana müstəqil xarici siyasət hüququ tanımaq istəmir. Kremlin təlimatları ilə Azərbaycana qarşı hibrid savaş açan solovyovlar və zatulinlər rəsmi Bakıdan Rusiyanın maraqlarına uyğun davranmağı tələb edirlər. Və bununla da Kremldə postsovet dövlətlərinin müstəqilliyinin məhz Rusiyanın maraqları ilə çərçivələnmısinə cəhd göstərildiyini təsdiqləmiş olurlar.
Ancaq Rusiya üçün neoimperialist maraqların diqtə olunma dövrü artıq çoxdan arxada qalıb. Xüsusilə də, Azərbaycan Rusiya üçün əlçatmazdır. Rəsmi Bakı Rusiyanin dəstəyi ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərini azad edib. Rusiyanın neoimperialist planları üzrə icad olunmuş “Qarabağ problemi” artıq birdəfəlik həll olunub və Kreml “terror layihəsi”ndən məhrum buraxılıb. Və indi artıq Kremlin Azərbaycana qarşı geopolitik təzyiq mexanizmi demək olar ki, qalmayıb.
Buna baxmayaraq, Kreml Azərbaycana qarşı təhdidlər üçün yeni mexanizmlər icad etməyə çalışır. Belə ki, Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurmaqla, hərbi cinayət törətdi. Ancaq rəsmi Bakı Rusiyanin bu hərbi cinayətini açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və müstəqil xarici siyasətini qətiyyətlə davam etdirdi. Rusiyada yaşayan Azərbaycanlılara qarşı total zorakılıq və qəddarlıq da Kremlin ümid bəslədiyi nəticəni vermədi. Və indi Kreml rəsmi Bakını müstəqil xarici siyasətdən imtinaya məcbur etmək üçün solovyovların, zatulinlərin üzərindən açdığı boş hay-küylü hibrid savaşına ümid bəsləyir.
Ancaq rəsmi Bakı belə hibrid savaş qarşısında da geri çəkilmək niyyətində deyil. Azərbaycanın beynəlxalq nüfuzu artır, rəsmi Bakı müstəqil siyasət kursunu davam etdirir. Rəsmi Bakı ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində inamlı addımlar atır. Avropa Birliyi ilə münasibətlərin isə yeni şərtlər daxilində inkişafı davam etdirilir. Və ötən il 8 avqustda Vaşinqtonda imzalanmış, TRİPP layihəsinin reallaşdırılmasına yönəlik üçtərəfli anlaşma isə Rusiya üçün Cənubi Qafqazın tamamilə itirilməsi baxımından, hüquqi-siyasi başlanğıcdır.
Ona görə də, indi Kremldə panik durum yaşanmaqdadır. Rusiyanın şovinist propaqanda mexanizmləri artıq hərəkətə gətirilib. Üstəlik, Kremlin Azərbaycana qarşı hibrid savaşında Rusiyanın Qərbdəki agentura şəbəkəsi və ölkə daxilindəki 5-ci kolonu da iştirak edir. Belə ki, Qərbdəki agentura şəbəkəsi – Yanqland (Rusiyanın AŞPA-dakı nümayəndə heyəti tərəfindən “verbovka” olunub), Ştrasser (Rusiyanın AŞPA-dakı maraqlarına xidmət edib, Rusiyanın gizli lobbistidir. Eyni zamanda erməni diasporu ilə də əməkdaşlıq edir), Şvabe və s. kimi Kremlin təlimatlarını icra edirlər.
Digər tərəfdən, Rusiyadakı qara propaqanda mexanizmləri və Qərbdəki agentura şəbəkəsinin aktivləşdirilməsinə paralel olaraq, Azərbaycandakı 5-ci kolon da hərəkətə gətirilib. Belə ki, Ramiz Mehdiyev, Əli Həsənov, onların müxalifətdəki adamları olan Əli Kərimli, Gültəkin Hacıbəyli və s. kimi şəxslər də Kremlin Azərbaycana qarşı açdığı hibrid savaşda alət roluna yönəldiliblər. Və ölkə xaricindən Azərbaycana qarşı hibrid hücumlar başlayan kimi, dərhal daxildə də süni etiraz görüntüsünün yaradılmasına cəhdlər göstərilir.
Ancaq hazırda Qərbdəki Azərbaycana düşmən dairələrin zəifləməsi Kremlin işini çətinləşdirir. Çünki Bayden administrasiyasından fərqli olaraq, ABŞ prezidenti Donald Tramp və onun hakimiyyət komandası belə “şər yuvaları”na dəstək vermir. Əksinə, Tramp administrasiyası iftira və qara propaqanda təşkilatlarını ifşa edərək, zəiflədir. Ölkə daxilindəki 5-ci kolonun da əsasən neytrallaşdırıldığı şəraitdə Kreml Rusiyanın nəzarətində olan ayrı-ayrı YouTuber blogerlərə sifarişlə başlatdığı kampaniyalara ümid bəsləyir.
Göründüyü kimi, Rusiya Azərbaycana qarşı total hibrid savaşa başlayıb. Rəsmi Bakıdan Rusiyanın maraqlarına uyğun xarici siyasətin yürüdülməsi, hətta Kremlin təlimatları ilə hərəkət olunması tələb edilir. Yəni, Rusiya siyasi dairələri Azərbaycanın Kremldən idarə oluna biləcəyinə hələ də özlərini inandırmağa çalışırlar. Halbuki, rəsmi Bakı Kremlin bütün “şər yuvaları”na, təzyiq cəhdlərinə, təhdidlərinə müqavimət göstərib, duruş gətirmək potensialına malikdir. Ona görə də, Kremlin başlatdığı bu hibrid savaş heç bir nəticə verməyərək, iflasa uğrayacaq. Və Rusiyanın Azərbaycanın müstəqil xarici siyasətinə əngəl törətməsi artıq qətiyyən mümkün deyil.
