2025-ci ildə valyuta bazarında dollara olan tələbatın zəiflədiyi müşahidə olunub və aylıq orta göstəricilərdə təklif tələbi üstələyib. Fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da satış meyli üstünlük təşkil edib, nəticədə banklar xalis valyuta alışı həyata keçiriblər. Bazarda realizə olunmayan yüz milyonlarla dollar vəsaitin dövlət xəzinəsinə yönəldiyi bildirilir. Bu dinamika valyuta bazarında tarazlığın dəyişdiyini göstərir.
Dollara marağın azalması 2026-cı ildə manatın mövqeyini gücləndirə bilərmi?

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, 2025-ci ildə dollara olan tələbatın azalması bir sıra iqtisadi və inzibati amillərlə müşayiət oluna bilər. Onun sözlərinə görə, bu proses ilk növbədə ölkəyə idxalın həcminin nisbətən zəifləməsi ilə əlaqələndirilə bilər. İdxalın azalması isə təbii olaraq xarici valyutaya, xüsusilə də dollara olan ehtiyacın aşağı düşməsinə gətirib çıxarır. Çünki idxal əməliyyatlarının əsas hissəsi xarici valyuta ilə həyata keçirilir və bu sahədəki geriləmə valyuta bazarındakı tələbə birbaşa təsir göstərir.
Ekspert qeyd edib ki, digər mühüm amillərdən biri Mərkəzi Bank tərəfindən ölkə xaricinə çıxarılan xarici valyuta əməliyyatlarına nəzarətin daha da gücləndirilməsidir: “Valyuta axınlarının daha ciddi şəkildə tənzimlənməsi bazarda təklif və tələbin balanslaşdırılmasına xidmət edir. Bu nəzarət mexanizmləri nəticəsində valyuta bazarında kəskin dalğalanmaların qarşısı alınır və ümumi sabitlik qorunur. Bütün bunlar iqtisadi aktivliyə də müəyyən dərəcədə təsirsiz ötüşmür. Hazırda xarici valyuta ilə kreditlərin verilməsinə və xaricdən gətirilən mallara tətbiq olunan nəzarət mexanizmləri daha sərt çərçivədə həyata keçirilir. Bu isə ölkədən valyuta çıxışını məhdudlaşdırmaqla yanaşı, bazarda dolların dövriyyəsinə də təsir göstərir”.
E.Kərimli qeyd edib ki, əgər bazarda dolların təklifi tələbi üstələyərsə, bu, məzənnənin möhkəmlənməsinə şərait yaradır: “Belə vəziyyət milli valyutanın, manatın dayanıqlığının qorunmasına və maliyyə sabitliyinin təmin olunmasına müsbət təsir göstərir. Mövcud tendensiyalar davam edərsə, valyuta bazarında nisbi sabitliyin saxlanılması mümkün olacaq və bu da ümumi iqtisadi sabitliyə əlavə dəstək verəcək”./azpolitika.info
