Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”-a müsahibə verib.
Zelenskinin dediyinə görə, Ukrayna hazırda Donbasdakı ərazilərini geri ala bilmir, amma Rusiya da qalib gələ bilmir.
Ukraynanın müharibədə qalib gəlmək imkanı barədə suala cavab verən Prezident qeyd edib ki, indiki mərhələdə bunu etmək çoxlu sayda insanın itirilməsi demək olacaq.
“Hər şey insanların “qələbə” dedikdə nəyi nəzərdə tutmasından asılıdır. Ərazilər haqqında danışmaq çətindir. Birincisi, bu gün bütün torpaqları geri almaq çox çətindir. Və bu, çoxlu insan itkisinə səbəb olardı… Amma yaxşıdır ki, Rusiya da bunu döyüş meydanında edə bilməz. Buna görə də onlar qalib gəlmir, biz də uduzmuruq”, – deyə Zelenski bildirib.
Jurnalist xatırladıb ki, ABŞ rəsmiləri tez-tez sülh naminə Ukrayna ərazisinin güzəştə getməsinin vacibliyindən danışırlar. Məqsəd müharibəni dayandırmaqdırsa və bu ərazilərdən imtina etmək şərtdirsə, niyə Slavyansk və Kramatorskdan “sadəcə imtina etmədiklərini” soruşub. Zelenski cavab verib ki, bura Ukrayna ərazisidir və Ukraynanın öz torpaqlarından “imtina etməsi” barədə danışmaq qəribədir. O, bu şəhərlərdən çəkilməyin öz vətəndaşlarını işğal altında qoymaq demək olduğunu iddia edib.
“Əgər biz bu ərazidən, məsələn, dediyiniz kimi, Kramatorsk və Slavyanskdan çıxsaq, hazırda orada olan 200.000 insan dərhal işğal altında qalacaq. Ruslara kim deyib ki, bu insanlar Rusiya vətəndaşı olmağa hazırdırlar? Əgər hazır deyilsə, onlar öldürüləcək, cəbhəyə göndəriləcək və ya həbs olunacaqlar. Onlar artıq Luqanskda, Donetskdə və Krımda da eyni şeyi ediblər”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, Donbasın təslim edilməsi məsələsi təkcə qırmızı xətt deyil, həm də müdafiə xəttidir.
Xatırladaq ki, Rusiya döyüşlərin dayandırılması üçün ilkin şərt kimi bütün Donetsk vilayətinin verilməsini tələb edir. Son rəy soğularına görə, ukraynalıların – 52%-i – təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyaya təhvil verilməsinə qarşıdır, 40%-i isə bu şərti qəbul etməyə hazırdır. /azpolitika.info
