ABŞ və İsrailin İran daxilində vəziyyəti gərginləşdirmək üçün gizli planı ifşa olub.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ölkədə üsyan yaratmaq məqsədilə İranın müxalif kürd qruplarını silahlandırmağa çalışır.
Amerikanın CNN televiziya kanalına danışan mənbələr Vaşinqtonun bu istiqamətdə artıq müəyyən addımlar atdığını bildirib. Onların sözlərinə görə, ABŞ administrasiyası İran müxalifəti və İraq Kürdüstan Regional Administrasiyasına sığınmış iranlı kürd müxalif liderləri ilə aktiv danışıqlar aparır. Bu görüşlərdə əsas müzakirə mövzusu həmin qruplara hərbi dəstəyin verilməsi məsələsidir.
Məlumatlarda qeyd olunur ki, bəzi silahlı iranlı kürd müxalif qruplar artıq ölkənin qərb bölgələrində müəyyən aksiyalar və hücumlar planlaşdırır. Bu qrupların ABŞ və İsraildən dəstək gözlədiyi də iddia edilir.
Digər iddiaya görə, bölgədəki kürd qüvvələrinin İran ərazisində müəyyən bir zonanı ələ keçirərək İsrail üçün “tampon bölgə” yaratması ehtimalı da müzakirə olunur. Belə bir planın həyata keçməsi regionda vəziyyəti daha da gərginləşdirə bilər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş rəsmisi və CNN-in milli təhlükəsizlik üzrə eksperti Aleks Plitsas da məsələyə münasibət bildirib. O deyib ki, ABŞ-ın kürd qruplarını silahlandırması İran daxilində rejimə qarşı üsyanı sürətləndirmək cəhdi kimi qiymətləndirilə bilər.
Ekspert hesab edir ki, İran əhalisi əsasən silahsızdır və təhlükəsizlik qüvvələri zəifləmədiyi müddətdə xalqın hakimiyyətə qarşı genişmiqyaslı üsyan qaldırması çətin görünür. Onun fikrincə, xarici qüvvələrin silahlı dəstəyi olmadan belə bir ssenarinin reallaşması mümkün deyil./yenicag.az
