Avropa ölkələrinin Hörmüz boğazı ilə bağlı hazırladığı yeni təhlükəsizlik strategiyası beynəlxalq mediada geniş rezonans doğurub.
Xüsusilə “The Wall Street Journal” nəşrinin yaydığı məlumatlara görə, Avropa dövlətləri ABŞ-dən asılı olmayan yeni hərbi-siyasi mexanizmlər üzərində fəal işləyir.
ABŞ-siz təhlükəsizlik modeli: “Avropalı NATO” ideyası
Məlumata əsasən, Donald Tramp administrasiyasının NATO-dan mümkün uzaqlaşması ehtimalı Avropada ciddi narahatlıq yaradıb. Bu fonda Avropa ölkələri “Avropalı NATO” kimi qeyri-rəsmi adlandırılan alternativ müdafiə modelini sürətləndirməyə başlayıblar.
Yeni yanaşma çərçivəsində komanda-idarəetmə sistemində Avropanın rolu artırılır, hava hücumundan müdafiə və logistika imkanları gücləndirilir, eləcə də kəşfiyyat fəaliyyətində müstəqillik hədəflənir.
Planın ən diqqətçəkən tərəflərindən biri Almaniyanın siyasətində dönüşdür. Uzun illər ABŞ-nin təhlükəsizlik çətiri altında qalmağa üstünlük verən Berlin artıq yeni kurs müəyyənləşdirir. Baş nazir Fridrix Merz dövründə Almaniya Avropanın müdafiə yükünü daha çox bölüşməyə hazır olduğunu nümayiş etdirir.
Bu prosesə Böyük Britaniya, Fransa, Polşa və Skandinaviya ölkələri də fəal dəstək verir. Mark Rutte isə alyansın “daha çox Avropa liderliyinə” doğru transformasiya etdiyini vurğulayıb.
Planın qarşısında duran əsas problemlərdən biri ABŞ-nin təmin etdiyi nüvə çəkindiriciliyi və yüksək səviyyəli kəşfiyyat imkanlarının qısa müddətdə əvəz edilə bilməməsidir. Bu səbəbdən Fransa və Böyük Britaniyanın nüvə potensialının genişləndirilməsi məsələsi gündəmdədir.
Fransa prezidenti Emmanuel Makron artıq bu istiqamətdə Almaniya ilə danışıqlara başlayıb.
Hörmüz üçün ABŞ-sız plan – Üç mərhələli hərbi-dəniz strategiyası
Avropanın yeni strategiyasının ən mühüm hissəsi Hörmüz boğazı ilə bağlıdır. Plan əsasən Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanıb və ABŞ-nin iştirakını nəzərdə tutmur.
Makronun açıqlamasına görə, yaradılacaq beynəlxalq dəniz qüvvəsinə münaqişənin tərəfləri – ABŞ, İsrail və İran daxil edilməyəcək.
Avropanın planı üç əsas mərhələdən ibarətdir:
1.Təxliyə mərhələsi – Boğazda qalmış yüzlərlə ticarət gəmisinin təhlükəsiz çıxışı təmin ediləcək.
2.Minalardan təmizləmə – Müharibə zamanı yerləşdirilmiş dəniz minalarının genişmiqyaslı təmizlənməsi həyata keçiriləcək.
3.Təhlükəsizlik müşayiəti – Avropa donanmasına aid freqat və esmineslər ticarət gəmilərinə müşayiət edərək bölgədə təhlükəsizliyi təmin edəcək.
Məlumatlara görə, Avropa ölkələri mina təmizləmə sahəsində ABŞ-dan daha geniş imkanlara malikdir. Qitənin arsenalında 150-dən çox mina təmizləyən gəmi mövcuddur.
Almaniyanın bu plana qoşulması onu daha real və güclü edir. Berlinin həm maliyyə resursları, həm də texniki imkanları Fransa və Böyük Britaniyadan daha geniş hesab olunur.
ABŞ-siz yeni dünya düzəni?
Məlumata görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Makronun təşəbbüsü ilə keçiriləcək beynəlxalq toplantıya ABŞ dəvət edilməyib. Əvəzində Çin və Hindistan kimi ölkələrə dəvət göndərilib.
Fransa xarici işlər naziri Jean-Noël Barrot bildirib ki, əməliyyat yalnız müharibə bitdikdən və regionda sabitlik bərpa olunduqdan sonra həyata keçiriləcək və sahilyanı ölkələrlə koordinasiya şəraitində aparılacaq.
Bütün bu proseslər göstərir ki, Avropa tədricən ABŞ-dən hərbi-siyasi asılılığını azaltmağa çalışır. Hörmüz boğazı kimi strateji əhəmiyyətli bölgədə Vaşinqtonsuz planın hazırlanması isə qitənin yeni geosiyasi kursunun açıq siqnalı kimi qiymətləndirilə bilər.
Bu yanaşma yalnız regional təhlükəsizlik strategiyası deyil, həm də gələcəkdə formalaşa biləcək çoxqütblü dünya nizamının ilkin konturlarını ortaya qoyur. /azpolitika.info
