Azərbaycanda iqtisadi fəallığın azalması, ilin ilk rübündə ÜDM-in 0.3 faiz geriləməsi bəzi dövlət qrumlarının sahibkarlığa yaratdığı maneələrlə bağlıdır. Bu sırada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öndə gedir.
Yenixeberorg.com: Son illərdə tikinti sektoru üzrə əsas səlahiyyətlərin əlində cəmləşməsindən istifadə edən Komitə rəhbərliyi iş adamları üçün dözülməz vəziyyət yaradıb. Qeyd edək ki, adıçəkilən qurum ölkənin ən ucqar kəndindəki xırda tikilidən tutmuş Bakıda bina tikintisinə qədər icazələri verən yeganə təşkilatdır.
Vəziyyətlə yaxından tanış olan mötəbər mənbə redaksiyamıza bildirib ki, Bakıda tikinti icazələrinin verilməsi faktiki olaraq dayandırılıb. Ancaq bir neçə şirkətin fəaliyyətinə imkan yaradılır, nəticədə onlarla iş adamı qazanc arxasınca Özbəkistana, Gürcüstana və s. postovet ölkələrinə üz tutub. Son 3 ildə təkcə Özbəkistana Azərbaycana məxsus 43 şirkət yatırım qoyub, normal şəkildə fəaliyyət göstərir. Bu da ölkədən milyonlarla investisiyanın çıxması deməkdir.

Qeyd olunur ki, təkcə paytaxtın mərkəzində deyil, mikrorayonlarda, nisbətən kənar yerlərdə pilot layihələrin həyata keçirilməsi də mümkünsüz hala gəlib. Komitə rəhbərliyi iş adamlarının əksər müraciətlərinə rədd cavabı verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaratdığı keçilməz maneələr vaxtı ilə “aşıb-daşan” tikinti sektorunu yanı üstə qoyub, iqtisadi fəallıq kəskin azalıb, məşğulluq imkanları sıfırlanıb, iş adamları baş götürüb ölkədən gedirlər. Yaranmış acınacaqlı durum, nəhayət, hökuməti də hərəkətə gətirib.

Redaksiyamıza daxil olan məlumata görə, Baş nazir Əli Əsədov adçəkilən komitənin rəhbəri Anar Quliyevi sərt tənqid edib, onun fəaliyyətinin ölkəni iqtisadi fəlakətə sürüklədiyini bildirib. Hökumət başçısı onu sorğu-sual edərək iş adamlarını niyə narazı saldığını, tikintilərə niyə icazə vermədiyini soruşub. Komitə rəhbərliyinin Baş nazirə nə cavab verdiyi məlum deyil, amma mənbə bildirir ki, onun səlahiyyətlərinin icrası məhdudlaşdırılıb.

Maraqlıdır, iclasa Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Anar Quliyev deyil, onun birinci müavini Namiq Hümmətov dəvət olunub. Mənbə bildirib ki, o yaranmıəş vəziyyətlə bağlı çıxış edib və Əli Əsədovun suallarını cavablandırıb. Hümmətov bir çox problemləri qanunvericilikdəki boşluqlar və maneələrlə əlaqələndirməyə çalışıb. Bu səbəbdən müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişikliklərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.(Azpolitika)
