Abşeron rayonunun Masazır qəsəbəsinin Rafiq Dünyamalıyev-15 ünvanında aparılan tikinti işlərinə daha geniş meydan açmaq üçün çoxsaylı ağacların kəsildiyi aşkarlanıb. Məlum olub ki, tikinti işlərinin aparıldığı sözügedən ərazidəki torpaq sahəsinin “çıxarış” sənədi var, amma sahədə tikintiyə icazə yoxdur. Redaksiyamızın əməkdaşları ağacların kəsildiyi həmin ünvanda olmuşlar. Tikinti işini aparan şəxslərə sual etdikdə, onlar bildiriblər ki, ağacların kəsilməsinə
4 saylı RETSİ-nin rəisi icazə verib. Maraqlıdır ki, hətta torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilsə belə, ağacların götürülməsi üçün çox ciddi səbəb olmalıdır. Odur ki, məsələ ilə bağlı Regional İdarənin rəisinin münasibətini öyrənməyə cəhd etdik. Lakin Asif Məcidovla telefon əlaqəsi yarada bilmədik. Əvəzində İdarənin məsul əməkdaşı Əlşad müəllimlə danışdıq. İdarə mənsubu məlumatı öyrənəndən sonra bizdən faktı təsdiqləyən foto-video görüntüləri istədi, vəd etdi ki, araşdırıb nəticə barədə bizi məlumatlandıracaq. Ona həmçinin rəisin “xeyir-duası” barədə bizə deyiləni də çatdırdıq. Ardından əlimizdə olan çəkiliş qeydlərini, o cümlədən peyk görüntülərini Əlşad müəllimin vatsap nömrəsinə yolladıq.
Ancaq Əlşad müəllimdən hələ də cavab ala bilməmişik. Görünür, daş qayaya rast gəlib: faktı nə təsdiq, nə də təkzib edə bilir. Oxşayır ki, Asif Məcidov ağacların kəsilməsinə icazə verib, amma rəsmi deyil. Başqa nə ola bilər ki? Bəlkə peyk görüntülərini danmağın yolunu axtarırlar? Nyus.Az

