Son illərdə Azərbaycanda ənənəvi bazarlara marağın azaldığı müşahidə olunur. Alıcılar daha çox supermarketlərə və onlayn alış-verişə üstünlük verirlər. Bu dəyişimin səbəbləri bir çox faktorla izah olunsa da, bazarların gələcəyi ilə bağlı məsələlərə hələ də sual altındadır.
Bəs ənənəvi bazarlara maraq niyə azalır? Bunun təsiri daha çox kimlərə olur?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ənənəvi bazarlara marağın azalmasınin əsas səbəbi marketlərlə bazarlar arasında qiymət fərqinin azalmasıdır. Bunun da özəl səbəbləri var:
“Fermer birbaşa bazara çıxa bilmir, bazara da, marketə də məhsulu vasitəçilər təqdim edir. Əgər qiymət fərqi azalıbsa, bazarlarda daha ucuz məhsul yoxdursa, alıcı üçün bazar artıq əsas üstünlüyünü itirib. Bazar əvvəllər nə üçün cəlbedici idi? Ucuzluq, təzəlik, bazarlıq imkanı rahat idisə, supermarketlər isə rahat, sürətli, lakin baha idi. Bu fərq qaldığı müddətcə bazar öz yerini saxlayırdı. Lakin supermarketlər böyüdükcə, rəqabət artdıqca və xüsusilə özəl markalı ucuz məhsullar çoxaldıqca qiymət fərqi daralıb”.

Akif Nəsirli bildirib ki, bəzi hallarda supermarketdəki aksiyalı məhsul bazardakı analoqundan belə ucuz olur:
“Bu nöqtədə alıcı üçün seçim artıq “ucuz bazar, baha market” deyil, “eyni qiymət, lakin market daha rahat” olur. Rahatlıq isə qiymət bərabərləşəndə həmişə qalib gəlir. Buna vaxt faktoru da əlavə olunur. İnsanların həyat tempi sürətlənib, xüsusilə şəhərdə. Bazarda vaxt sərf etmək, hər tərəfi gəzmək, bazarlıq etmək – bunlar artıq bir çox insan üçün dəyər daşımayan xərclərə çevrilib”.
“Ənənəvi bazarlara marağın azalması daha çox kimlərə təsir edir” sualına cavab olaraq həmsöhbətimiz bildirib ki, bu bəzi ticarətçilərə təsir edir:
“İlk olaraq kiçik tacirləri, yəni icarəyə pul verən, ailənin dolanışığını bazardan qazanan insanları çökdürür. Bundan kənd istehsalçıları zərər çəkir. Bazarlar onların şəhərə məhsul çıxarmasının əsas kanalı idi. Yaşlı nəsil üçün sosial məkan kimi fəaliyyət göstərən bazarlar tənəzzülə uğrayır, bazar onlar üçün yalnız alış-veriş yeri deyil, ünsiyyət məkanı idi”.
“Maraqlı tərəfi budur ki, bazar yalnız ticarət yeri olmaqdan çıxıb mədəni miras məsələsinə çevrilib. Bir çox ölkədə ənənəvi bazarlar məhz bu səbəbdən turizm obyektinə çevrildikdən sonra yenidən canlanıb. Azərbaycanda bu potensial hələ tam istifadə olunmayıb”, ekspert əlavə edib.
