Rusiya parlament seçkilərinə hazırlaşarkən, ölkə prezidenti Vladimir Putinin populyarlığı azalmaqda davam edir.
Bu barədə “Le Monde” məlumat yayıb.
Məlumata görə, bu, Kremldə narahatlıq yaradır:
“Putinin reytinqinin aşağı düşməsinin əsas səbəbləri Ukraynada 5-ci ildir davam edən müharibə və iqtisadi çətinliklər olaraq qalır.
İnternetin bağlanması isə reytinqin düşməsini sürətləndirdi. Politoloqlar maraqlı bir nümunəni müşahidə ediblər: Putinin populyarlığı azalanda onun təsadüfi uşağı öpdüyünü göstərən süjet çəkilir. Kremlin siyasi strateqlərinin aprelin 27-də yayımladığı süjet də məhz budur. Orada Putin iyirmiyə yaxın qara çimərlik geyimli qızın onunla görüşmək üçün növbəyə düzüldüyü idman mərkəzinə baş çəkib. Putin gənc gimnastlardan birinin alnından öpüb”.
Nəşr 2023-cü ilin iyununda Priqojinin üsyanından sonra oxşar hadisəni xatırladıb:
“Üsyandan sonra Dağıstana səfəri zamanı Kreml rəhbəri yerli sakinlər arasında bir yeniyetmə qızın alnından öpüb”.
Rusiyalı politoloq Fəridə Rüstəmova nəşrə bildirib ki, Sankt-Peterburqda idman mərkəzində çəkilən bu süjet Putinin populyarlığının azalmasından narahat olduğuna aydın işarədir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə adi vətəndaşlar tərəfindən hökuməti tənqid edən videolar getdikcə daha çox yayılır.
O, hesab edir ki, Putinin adi vətəndaşlarla yaxınlığını əks etdirən videolar onun Ukrayna ilə müharibə zamanı onlardan uzaqlaşdığı təəssüratını yumşaltmaq cəhdidir.
