ABŞ Prezidenti Donald Tramp İranla danışıqlardan getdikcə daha çox məyus olur və genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür.
Bu məlumatı “CNN” Ağ Evdəki mənbələrə istinadla yayıb.
Mənbələr qeyd edib ki, Trampın fikrincə, Hörmüz boğazının bağlı qalmaqda davam etməsi və İran rəhbərliyi daxilindəki ixtilaflar Tehranın nüvə danışıqlarında güzəştə getməsinə mane olur. Həmçinin, Trampın “tamamilə qəbuledilməz” və “axmaq” adlandırdığı İranın son təklifi Ağ Evi iranlıların ciddi danışıqlar aparmaq istəyinə şübhə etməyə vadar edib.
Eyni zamanda, “CNN” mənbələrinə görə, administrasiya daxilində münaqişənin davam etdirilməsi ilə bağlı fərqli fikirlər var. Xüsusilə, Pentaqon İranı danışıqlar masasına oturtmaq üçün ona qarşı daha aqressiv yanaşmanı dəstəkləyir. Hərbçilər əlavə zərbələr endirməklə iranlıların mövqeyini zəiflətməyi təklif edirlər. Digər administrasiya rəsmiləri hələ də diplomatiyaya şans verilməli olduğuna inanırlar.
Trampın yaxın çevrəsi Pakistan vasitəçilərinin iranlılarla münasibətlərdə daha açıq olmalarını istəyir. Bəzi ABŞ rəsmiləri pakistanlıların Trampın narazılığını İrana olduğu kimi çatdırıldığını şübhə altına alırlar.
Dünənsə Tramp İranla bağlı əlavə variantları müzakirə etmək üçün Ağ Evdə milli təhlükəsizlik qrupu ilə yenidən görüşüb. Tramp görüşdə deyib: “Bizə göndərdikləri cəfəngiyatı oxuduqdan sonra bunu indiyə qədər ən zəif təklif adlandırardım. Mən hətta onu sona qədər oxumadım”.
Lakin “CNN” mənbələri qeyd edib ki, İranla qarşıdurmada növbəti addım barədə qərar ABŞ Prezidentinin 13-15 may tarixlərində Çinə planlaşdırılan səfərindən əvvəl verilməyəcək.
İsrail hökuməti isə Trampdan ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi qüvvələrin əməliyyat keçirməsini istəyir. İsrail rəsmiləri deyirlər ki, Tramp belə bir əməliyyatı həyata keçirməkdə tərəddüd edir, çünki bu, olduqca risklidir.
Bütün bunların fonunda İran rəhbərliyindən radikal və barışmaz açıqlamalar gəlməkdədir. İran Parlamentinin spikeri və danışıqlarda İranı təmsil edən əsas fiqurlardan sayılan Məhəmməd Bağır Qalibaf ABŞ-nin Tehranın şərtlərini qəbul etməkdən başqa alternativinin olmadığını bəyan edib. “14 maddəlik təklifdə göstərildiyi kimi, İran xalqının hüquqlarını tanımaqdan başqa yol yoxdur. Başqa hər hansı bir yanaşma tamamilə faydasız və uğursuzluqlara səbəb olacaq. Onlar nə qədər çox tərəddüd etsələr, bu, Amerika vergi ödəyiciləri üçün bir o qədər baha başa gələcək”, – deyə İran Parlamentinin sədri sosial mediada yazıb.
İranın Ali Lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti isə daha kəskin açıqlama ilə çıxış edib. O deyib ki, “ABŞ döyüş meydanında məğlub olduqdan sonra İran üzərində heç vaxt diplomatik qələbə qazana bilməyəcək. Tramp İranın hazırkı sakitliyini və təmkinini zəiflik kimi qəbul etməməlidir”.
Bu arada ABŞ Hərbi Dəniz Qüvvələri “Ohayo” sinifli ballistik raket sualtı qayığının Cəbəllütariqə girdiyini təsdiqləyib. Bu sualtı qayıq nüvə silahı da daşıya bilir…/azpoitika.info
