Azərbaycan bu gün Türk dünyasında inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biridir.
Bu barədə müsahibəsində qazaxıstanlı politoloq Aman Manbetaliyev Türk Dövlətləri Təşkilatının (TDT) mayın 15-nə planlaşdırılan qeyri-rəsmi sammitini şərh edərkən bildirib.
Onun sözlərinə görə, tarixi proseslərə və sovet dövrünə baxmayaraq, türk məkanı daxilində mədəni və inteqrasiya əlaqələri qorunub saxlanılıb.
“Dövlət və dövlətlərarası səviyyədə bu cür münasibətlər SSRİ-in dağılmasından və türk dövlətlərinin müstəqilliyinin bərpasından sonra daha geniş inkişaf edib”, – Manbetaliyev deyib.
Onun sözlərinə görə, məhz Azərbaycan və Qazaxıstan inteqrasiya proseslərinin əsas hərəkətverici qüvvələrinə çevriliblər.
“Özü də təkcə geosiyasət, təhlükəsizlik, iqtisadiyyat məsələlərində yox, həm də mədəni, elmi, ekoloji istiqamətlərdə”, – politoloq bildirib.
O qeyd edib ki, inteqrasiyanın yeni mərhələsi İlham Əliyevin və Kasım-Jomart Tokayevin prezidentliyi dövründə başlayıb.
“Bu gün TDT çərçivəsində bütün inteqrasiya prosesləri növbəti, daha yüksək səviyyəyə keçib”, – Manbetaliyev əlavə edib.
Politoloq həmçinin TDT çərçivəsində iqtisadi əməkdaşlığın inkişafına da diqqət yetirib.
“Biz Yenidənqurma və İnkişaf Bankının, investisiya fondunun yaradılması ilə bağlı planları görürük, əmtəə dövriyyəsi hər il artır”, – o bildirib.
Manbetaliyevin sözlərinə görə, Qazaxıstan və Azərbaycan liderlərinin şəxsi təmasları münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
“Hər iki Prezident tez-tez qarşılıqlı səfərlər həyata keçirir, müxtəlif beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Özü də iş adamları və alimlərlə birlikdə gəlirlər. Bu, iqtisadi və mədəni əlaqələri möhkəmləndirir”, – o deyib.
Politoloq hesab edir ki, bu cür şəxsi münasibətlər həm də, Qazaxıstanın Azərbaycanın Qarabağ bölgəsinin bərpasında iştirakına kömək edir.
“Bu, dövlət liderləri arasında çox yaxın, səmimi və etibarlı münasibətlərin olduğunu göstərir. Bu, türk xalqları arasında inteqrasiya proseslərinin gücləndirilməsi üçün böyük bir təməldir”, – Manbetaliyev vurğulayıb./report.az
