QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqəsinin nəticələri martın 12-də elan olundu. Adətən nəticələrin açıqlanmasından sonra təşkilatlar müqavilə prosedurlarını tamamlayır, bildirişlərini əldə edir və layihələrin icrasına başlayırlar. Lakin bu dəfə vəziyyət fərqlidir. Üzərindən iki ay keçməsinə baxmayaraq, çoxsaylı QHT-lər hələ də qrant bildirişlərini ala bilmirlər.
Ən ciddi problem isə odur ki, layihələrin icra müddəti artıq faktiki olaraq başlayıb. Bir çox təşkilatlar fəaliyyət planlarını aprel ayına uyğun qurub. Təlimlər, seminarlar, tələbə və şagirdlərlə bağlı tədbirlər məhz yaz-yay aylarına hesablanmışdı. Amma mayın ortalarında belə vəsaitdən istifadə etmək mümkün deyil. Nəticədə QHT-lər ya layihələri kağız üzərində saxlamalı, ya da sonradan qısa müddətə sıxışdırılmış şəkildə həyata keçirməlidirlər.
Məsələ ilə bağlı QHT– lərə Dövlət Dəstəyi Agentliyinə müraciət edən təşkilatlara bildirilib ki, müqavilələr və zəruri sənədlər artıq hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub. Hətta qeyd olunur ki, bildirişlərin verilməsinə nazirlikdə Güney adlı şəxs cavabdehdir və müraciətlər ona yönləndirilməlidir. Bu isə sualları daha da artırır.
Dövlətin özü tərəfindən ayrılmış qrantlarla bağlı bildirişin verilməsi niyə iki ay çəkir? Hazır sənədlərin hərəkəti niyə bu qədər ləngiyir?
Mövzu ilə bağlı danışan ekspert bildirir ki, “ortaya çıxan mənzərə ondan ibarətdir ki, QHT– lərə Dövlət Dəstəyi Agentliyi məsuliyyəti öz üzərindən ataraq prosesi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin üzərinə yönəldir. Nazirlik tərəfindən isə indiyədək ictimaiyyətə hər hansı əsaslandırılmış açıqlama verilməyib. Dövlət qurumları arasında koordinasiya problemi isə nəticədə vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbə vurur”.
Əslində burada söhbət yalnız texniki gecikmədən getmir. Problem həm də planlaşdırmanın və idarəetmənin keyfiyyəti ilə bağlıdır. Bir aydan sonra məktəblər bağlanacaq, tələbə və şagird auditoriyası yay tətilinə çıxacaq. QHT-lər isə fəaliyyətləri ya təxirə salmalı, ya da 10-15 gün ərzində formal şəkildə keçirməyə məcbur qalacaqlar. Belə vəziyyətdə layihələrin keyfiyyətli icrasından danışmaq çətindir.
Digər tərəfdən, təşkilatlar sentyabr ayına tədbir saxlamaq istəmirlər. Çünki yeni qrant müsabiqəsi elan olunanda əvvəlki layihələrin başa çatdırılması tələb olunur. Beləliklə, dövlət qurumlarının yaratdığı bürokratik gecikmə QHT-ləri faktiki olaraq çıxılmaz vəziyyətə salır: ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı.
Material hazırlanarkən QHT– lərə Dövlət Dəstəyi Agentliyindəki mənbədən əldə etdiyimiz məlumata görə, bu gün Ədliyyə Nazirliyi tərəfindən xeyli sayda bildiriş təqdim olunub. Bu, müəyyən irəliləyiş sayıla bilər. Amma problemin tam həll edilmədiyi də etiraf olunur. Deməli, xeyli sayda təşkilat üçün qeyri-müəyyənlik hələ də davam edir.(Yenixeberorg.com)
