ABŞ Prezidentinin Çinə son səfəri zamanı Çin başçısı Si Cinpin Pekində Donald Trampla danışıqlar zamanı Vladimir Putinin Ukraynaya hərbi müdaxilə qərarından “sonda peşman ola biləcəyini” deyib.
Bunu məlumatlı mənbələrə istinadla “Financial Times” (FT) qəzeti yazıb.
Məlumata görə, Çin lideri bunu Trampla Rusiya-Ukrayna müharibəsinin müzakirəsi zamanı deyib. Baxmayaraq ki, o, Prezident Co Baydenlə “səmimi və birbaşa” söhbətlər zamanı Putin və ya Ukraynada davam edən hərbi münaqişə barədə fikirlərini ümumiyyətlə bölüşməyib.
FT qeyd edir ki, Si Cinpinin bu şərhi Rusiyanın Ukraynaya qarşı müharibəsinin beşinci ilində dalana dirəndiyi və Kiyevin Rusiya qoşunlarına, eləcə də işğalçı ölkənin dərinliklərindəki hədəflərə zərbə endirmək üçün dronlardan daha effektiv istifadə etdiyi bir vaxta təsadüf edir.
Bu arada Tramp administrasiyası Pekin sammiti ilə bağlı hesabat yayımlayıb, lakin orada iki liderin Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi barədə heç nə deyilmir.
Xatırladaq ki, Vladimir Putin 2022-ci ilin fevral ayında, Çinə səfərindən qısa müddət sonra Ukraynaya hərbi müdaxilə etmək barədə əmr verib. Həmin səfər zamanı o, Si Cinpinlə “məhdudiyyətsiz tərəfdaşlıq” elan etmişdi.
ABŞ dəfələrlə Çini Moskvanın Kiyevə qarşı hərbi əməliyyatlarına kömək edən ikili təyinatlı məhsullarla Rusiyanı təchiz etməkdə ittiham edib. Lakin Pekin bu ittihamları rədd edib.
Qeyd edək ki, bu gün Putinin Çinə 2 günlük rəsmi səfəri başlayır. O, Trampdan bir neçə gün sonra Pekinə gələcək. Səfərdən əvvəl Putin Çinə Si Cinpinin dəvəti ilə gedəcəyini bəyan edib. Rəsmi açıqalmada deyilir ki, səfər zamanı siyasət, iqtisadiyyat, müdafiə və humanitar mübadilə mövzuları müzakirə olunacaq və 40 ikitərəfli sənəd imzalanacaq. Əlbəttə ki, səfər zaman Tramp-Si danışıqları və Ukrayna mövzusunun da masada olacağı şübhə doğurmur./azpolitika.info
