Rusiyalı Prezidenti Vladimir Putinin Pekinə səfəri zamanı Moskvanın Avropa bazarını itirdikdən sonra əsas enerji layihələrindən biri hesab etdiyi Sibirin Gücü-2 qaz kəmərinin tikintisi ilə bağlı Çinin yekun razılığını yenidən ala bilmədiyi bildirilib.
Bu barədə “Vaşinqton Post” nəşri yazıb.
Nəşr qeyd edir ki, layihə Rusiyaya hər il Çinə 50 milyard kubmetrə qədər qaz ixrac etməyə imkan verməlidir. Lakin uzun illərdir davam edən danışıqlara baxmayaraq, Pekin hələ də yekun razılaşmaları imzalamağa tələsmir.
“Bu vəziyyət Rusiya-Çin tərəfdaşlığının məhdudiyyətlərini bir daha göstərib. Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra Rusiya həm enerji, həm də sənaye üçün texnologiya və komponent tədarükü məsələlərində Çindən xeyli dərəcədə asılı vəziyyətə düşüb.
Bununla belə, Pekin ehtiyatlı davranmağa davam edir və Moskvanın zəifləyən mövqeyindən maksimum fayda götürməyə çalışır.
Kremlin sözçüsü Dmitri Peskov danışıqlardan sonra etiraf edib ki, layihənin işə salınması üçün konkret tarix hələ də müəyyən edilməyib. Onun sözlərinə görə, tərəflər “əsas parametrlər üzrə ümumi anlaşmaya” gəliblər, lakin detallarla bağlı razılaşmalar hələ də davam edir.
Si Szinpin və Vladimir Putin görüş zamanı ABŞ-ın son addımları fonunda birlik nümayiş etdirməyə çalışıblar. Birgə bəyanatda Moskva və Pekin “birtərəfli hegemonluğu” tənqid edib və digər dövlətlərə qarşı zərbələri pisləyiblər ki, bununla da faktiki olaraq ABŞ-ın İran və Venesuelaya qarşı hərəkətlərinə işarə ediblər.
Si Szinpin həmçinin bildirib ki, dünyaya “birtərəflilik və hegemonizm” təhlükə yaradır, Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması isə enerji resurslarının tədarükü və qlobal ticarətin sabitliyi üçün vacibdir”, – nəşr yazıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Pekində rəsmi səfərdə olub./axar.az
