Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan rəhbərliyinin son addımlarının Moskva ilə müttəfiqlik münasibətlərinin ruhuna zidd olduğunu bildirib.
Qaluzin Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, Moskva bu məsələlərlə bağlı mənfi mövqeyini daha əvvəl də erməni tərəfdaşlarına açıq şəkildə çatdırıb.
Rusiyalı diplomat qeyd edib ki, Ermənistan rəhbərliyinin Avropa İttifaqına yaxınlaşmaq cəhdləri ciddi suallar doğurur. Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı açıq şəkildə düşmən siyasəti aparır və Moskva ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşır.
Qaluzin həmçinin Rusiyanın 1988-ci il Spitak zəlzələsindən sonra Ermənistana yardım etdiyini, eləcə də 2024-cü ilin may ayında baş verən təbii fəlakətlər zamanı həyati əhəmiyyətli dəmir yolu infrastrukturunun bərpasında iştirak etdiyini xatırladıb.
Erməni xalqının qardaş xalq olduğunu deyən diplomat vurğulayıb ki, Rusiya hər zaman Ermənistana yardım edib və onun yanında olub./musavat.com
