ABŞ Prezidenti Donald Tramp bir neçə Yaxın Şərq ölkəsi və Pakistanın liderləri ilə telefon danışığında onları Vaşinqton və Tehran arasında sülh sazişi əldə olunacağı təqdirdə İsraillə münasibətlərin normallaşdırılmasına dair “İbrahim sazişləri”nə qoşulmağa çağırıb.
Bu barədə “Axios” ABŞ-nin iki rəsmisinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, 23 mayda Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışıqları aparıb.
Amerika lideri söhbət zamanı İranla bağlı münaqişə həll edildikdən sonra hələ “İbrahim sazişləri”nə qoşulmayan və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini normallaşdıracağına ümid etdiyini bildirib.
“Axios” qeyd edib ki, Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri İsraillə diplomatik münasibətləri dəstəkləmədikləri üçün təklifdən təəccübləniblər.
“Telefonda sükut hökm sürürdü və Tramp zarafatla hamının hələ də telefonda olub-olmadığını soruşdu”, – portalın mənbələrindən biri bildirib.
Məlumata görə, Tramp həmçinin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin yaxın həftələrdə münasibətlərin mümkün normallaşdırılması məsələsini müzakirə edəcəklərini açıqlayıb.
