“Azergold” QSC-də müşavir vəzifəsində çalışan Müşfiq Məmmədlinin vəzifəsindən ayrıldığı bildirilir.
Bu dəyişiklik şirkət daxilində və xüsusilə iri satınalma prosesləri fonunda diqqət çəkən bir vaxta təsadüf edir.
Belə ki, hazırda “Azergold” QSC-də dəyəri yüz milyonlarla manat olan “Tülallar mədənində qazma-partlayış işlərinin və daşınma xidmətinin satın alınması” adlı tender prosesi davam edir. Məlumatlara görə, bu tenderdə “AzerMining” MMC-nin qalib gələcəyi ilə bağlı iddialar son günlər daha da güclənib.
“Azergold” QSC ətrafında səsləndirilən iddialara əsasən, “AzerMining” MMC və onunla əlaqələndirilən bir sıra şirkətlərin Müşfiq Məmmədli və onun qardaşı Cavid Məmmədli ilə bağlı olduğu iddia edilir. Hətta bəzi məlumatlarda bu şirkətlər şəbəkəsinin tenderlərdə fəal iştirak etdiyi və nəticələrin əvvəlcədən formalaşdırıldığına dair iddialar yer alır.
İddia olunur ki, Məmmədli qardaşları ilə əlaqələndirilən şirkətlər – “Bert” MMC, “Azdağmədən” MMC, “Azdağmədənistismar” MMC, “Resource Planning” MMC, “AT Geotech” MMC, “AzerMining” MMC və “AT Geotech Lab” MMC tenderlərdə bir-birinə rəqabət görüntüsü yaradaraq formal iştirakçı qismində çıxış edirlər. Bu iddialara görə, satınalma proseslərində şərtlərin müəyyən hissəsinin məhz həmin dairələrin təsiri altında formalaşdırıldığı, nəticədə isə qalib şirkətin əvvəlcədən müəyyən edildiyi bildirilir.
Eyni zamanda, bəzi rəqib şirkətlərin tender proseslərindən kənarlaşdırıldığı, qərarların isə aylarla gecikdirildiyi də iddialar sırasındadır.
Məlumatlarda daha bir ciddi məqam kimi Kəlbəcər Söyüdlü (Zod) ərazisində nəzərdə tutulan, dəyəri təxminən 300 milyon manat olan layihə ilə bağlı tenderin də eyni şəbəkənin nəzarətində olduğu iddiaları yer alır. Bildirilir ki, həmin dairələr bu tenderdə də üstünlük qazanacaqlarını əvvəlcədən müxtəlif çevrələrdə ifadə ediblər.
Cavid Məmmədliyə aid olduğu iddia edilən açıqlamalardan birində səsləndirilən “krantın başında olmaq lazımdır ki, istənilən vaxt açıb-bağlayasan” ifadəsi də ictimai müzakirələrə səbəb olub. Bu ifadənin böyük həcmli layihələrə və dövlət sifarişlərinə təsir imkanlarını simvolizə etdiyi iddia edilir.
“Azergold” QSC ölkənin ən iri qeyri-neft sektoru müəssisələrindən biri kimi xarici investisiyaların cəlb olunması istiqamətində mühüm rol oynayır. Lakin səslənən iddialar korporativ idarəetmə, satınalma şəffaflığı və daxili nəzarət mexanizmləri ilə bağlı suallar yaradır.
Eyni zamanda, qurumun rəhbərliyi və xüsusilə Zakir İbrahimov tərəfindən bu iddialarla bağlı hansı mövqenin sərgiləndiyi də ictimai maraq doğuran məsələlər sırasındadır. Məlumatlarda təkcə “Azergold” deyil, həm də Daşkəsən Dəmir Filiz MMC daxilində satınalma prosesləri ilə bağlı oxşar iddiaların mövcud olduğu bildirilir.
Burada da müəyyən vəzifəli şəxslərin və onların yaxın çevrələrinin proseslərə təsir göstərdiyi barədə iddialar səsləndirilir. Hazırda səsləndirilən bütün bu iddialar rəsmi şəkildə təsdiqlənmiş faktlar kimi deyil, ictimai müzakirələrdə və məlumat mənbələrində yer alan iddialar kimi təqdim olunur. Bununla belə, iri dövlət şirkətində baş verən kadr dəyişiklikləri və paralel aparılan milyonluq tenderlər fonunda ortaya çıxan sualların araşdırılması zərurəti barədə ictimai rəy formalaşır.
İddiaların doğruluğu ilə bağlı rəsmi qurumların və şirkət rəhbərliyinin açıqlamaları isə məsələyə aydınlıq gətirən əsas məqam ola bilər./poliqon.info
