Saxta dərman vasitələri pərakəndə və topdan satış əczaçılıq müəssisələrinin yoxlanılması, dərmanların ekspertizası, həmçinin gömrük orqanları nəzarəti zamanı aşkar edilə bilər. Laborator ekspertiza isə dərman vasitələrinin saxta olub-olmamasının aşkar edilməsinin əsas yollarındandır.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Çingiz Şükürov açıqlayıb.
Onun sözlərinə görə laborator ekspertiza zamanı saxta dərman vasitələrinin müəyyən edilməsi üçün ilk növbədə nümunənin qablaşması və sənədləri yoxlanılır:
“Növbəti mərhələdə Mərkəzdə sözügedən nümunəyə dair normativ sənədlər mövcud olduqda həmin sənədlərə əsasən, olmadıqda isə farmakopeya məqalələrinin tələblərinə əsasən keyfiyyət parametrləri yoxlanılır. Saxta dərman vasitələrinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə bir çox ölkələrin əczaçılıq sahəsində milli tənzimləyici qurumları arasında memorandumlar imzalanıb. Bu sənədlər əsasında həmin ölkələrin tənzimləyici qurumları ilə bu sahədə məlumat mübadiləsi aparılır, saxta və keyfiyyətsiz dərman vasitələri haqqında məlumatlar əldə edilir. Həmçinin, Mərkəz əczaçılıq sahəsində bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edərək, dünyada dövriyyədə olan saxta dərman vasitələri haqqında operativ məlumat əldə etmək imkanına malikdir”.
Çingiz Şükürov qeyd edib ki, dərman vasitələrinin keyfiyyətinə iki mərhələdə nəzarət edilir:
“Birinci mərhələ – dərman vasitəsinin qeydiyyatı proseduru zamanı keyfiyyətinin yoxlanması mərhələsidir.
İkinci mərhələ – dərman vasitəsi qeydiyyata alındıqdan sonra ölkəyə idxal edilən zaman keyfiyyətinin yoxlanması mərhələsidir.
Hər iki mərhələdə dərman vasitələrinin laborator ekspertizası aparılır və keyfiyyət göstəriciləri yoxlanılır. Bu proses Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası tərəfindən həyata keçirilir. Dərman vasitəsi qeydiyyata alındıqdan sonra ölkə ərazisinə idxal edilə bilər. Azərbaycan Respublikasına rəsmi şəkildə idxal edilən dərman vasitələrinin hər bir seriyası qeydiyyat zamanı istehsalçının təqdim etdiyi normativ sənədlərdə verilmiş sınaq üsullarından və keyfiyyət sertifikatlarındakı məlumatlardan istifadə edilərək yoxlanılır. Bu sınaqlar zamanı dərman vasitəsinin keyfiyyət və kəmiyyət göstəriciləri – təsiredici maddələrin miqdarları, üzvi qarışıqlar və kənar maddələrin mövcudluğu, həmçinin digər fiziki-kimyəvi, mikrobioloji analiz parametrlərinin normativ sənədlərə uyğunluğu yoxlanılır”.
Çingiz Şükürov bildirib ki, dərman vasitələrinin formasından və tərkibindən asılı olaraq, keyfiyyət problemləri dəyişə bilər:
“Bildiyimiz kimi, dərman vasitələri aqreqat halına əsasən dörd növə ayrılır: bərk, maye, yumşaq və qazabənzər dərman vasitələri. Hər növün də aqreqat halından asılı olaraq keyfiyyət parametrləri mövcud olur. Bu göstəricilər dərman vasitəsinin keyfiyyət sertifikatında və keyfiyyətə dair spesifikasiya sənədində əks olunur. Əsas keyfiyyət problemləri, dərman vasitələrinin keyfiyyətinin yoxlanması zamanı keyfiyyət parametrlərindən kənaraçıxmalar, həmçinin qablaşması, içlik vərəqəsi və qeydiyyatı ilə bağlı ola bilər. Şübhəli dərman vasitəsi ilə qarşılaşdıqda, vətəndaş Mərkəzin qaynar xəttinə zəng vurub həmin dərman vasitəsi haqqında məlumat əldə edə bilər. Eyni zamanda qeydiyyat vəsiqəsi mövcud olan, rəsmi şəkildə ölkəyə idxal edilmiş həmin dərman vasitəsi nümunəsini son istifadə tarixi bitmədən, tamlığı pozulmamış şəkildə və analiz üçün kifayət edəcək miqdarda laborator ekspertiza üçün Mərkəzin “Bir pəncərə” sektoruna təqdim edə bilər.
Vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə bir neçə asan yolla müraciət edə bilərlər:
1) “Bir pəncərə” sektoru;
2) Qaynar xətt: (012) 596 05 20;
3) Elektron poçt: aem@pharma.az;
4) Rəsmi veb-sayt: www.pharma.az – “Müraciət” bölməsi.
Daxil olan bütün müraciətlər hərtərəfli araşdırılır və nəticələri barədə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində vətəndaşa cavab təqdim olunur”.
