“İranla müqavilə bağlandı və mən bununla Hörmüz boğazının ödənişsiz açılmasına və ABŞ-ın dəniz blokadasının dərhal qaldırılmasına icazə verirəm”.
Bu barədə ABŞ Prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm”, – Tramp bildirib.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, razılaşmaya Livanda atəşkəs rejimi daxildir.
Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun müqavilənin şərtlərindən məmnun olduğunu bildirib.
İranın “Mehr” agentliyi 14 bənddən ibarət sənədi yayımlayıb:
– Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dərhal və daimi dayandırılması.
– ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi.
– Dəniz blokadasının 30 gün ərzində tamamilə aradan qaldırılması.
– ABŞ qoşunlarının İrana yaxın bölgələrdən çıxarılması.
– Hörmüz boğazının açılması.
– Neft satışına tətbiq edilən sanksiyaların dayandırılması.
-ABŞ və müttəfiqləri tərəfindən İran obyektlərinin bərpası üçün 300 milyard dollarlıq yenidənqurma planlarının təqdim edilməsi.
– Yekun sazişə nail olmaq üçün 60 günlük danışıqların aparılması.
– İranın nüvə silahı istehsal etməmək öhdəliyi.
– ABŞ-ın danışıqlar dövründə yeni sanksiyalar tətbiq etməmək və regionda hərbi mövcudluğunu artırmamaq öhdəliyi.
– İranın dondurulmuş 24 milyard dollar vəsaitinin blokdan çıxarılması.
– Sazişin icrası üçün nəzarət mexanizminin yaradılması.
– Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi.
– Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısı blokdan çıxarılmadan, neft sanksiyaları dayandırılmadan və dəniz blokadası aradan qaldırılmadan başlamayacaq.
