Sovet, Britaniya və Rusiya jurnalistikasının tanınmış simalarından biri, “BBC” radiostansiyasının keçmiş əməkdaşı, hüquq müdafiəçisi və dissident Maşa Slonim Rusiyanın hazırkı ictimai-siyasi vəziyyəti, mühacirətdəki rus müxalifətinin böhranı və Vladimir Putinin repressiv idarəçiliyi barədə “Nastoyaşeye Vremya” kanalına geniş müsahibə verib.
Özünün yeni işıq üzü görən “Qayıdışlar. Qeyri-ciddi memuar” adlı kitabından bəhs edən Slonim, müasir Rusiya reallığını keçmiş SSRİ dövrü ilə müqayisə edib və ölkədəki mövcud rejimin daxili mahiyyətini ifşa edib.
Məşhur sovet xalq komissarı Maksim Litvinovun nəvəsi, tanınmış dissident Pavel Litvinovun əmisi qızı olan Maşa Slonim sovet dövründə xarici jurnalistlərə gizli sənədləri ötürdüyünü, lakin 1974-cü ildə ölkəni vaxtında tərk edə bildiyini qeyd edib. O, 2015-ci ildə Rusiyanı birdəfəlik tərk etməsinə səbəb olan hadisəni belə açıqlayıb: “Mənim üçün geri dönüşü olmayan nöqtə Krımın ilhaqı oldu. Ondan əvvəl də atmosfer getdikcə dözülməzləşirdi. Mən mitinqlərə gedirdim, amma artıq hər şeyin boğulduğunu hiss edirdim. Artıq mənim qayıda biləcəyim o Rusiya yoxdur. İnsanlar qalıb, amma qayıtmağa bir vətən yoxdur”.
Gənc nəslin qorxu hissinə və SSRİ ilə müqayisəyə toxunan Slonim, hazırkı Putin rejiminin daha qəddar olduğunu vurğulayıb:
“Biz Stalindən sonra böyüyən ilk nəsil idik və qorxmurduq. Dissidentlik bizim üçün bir növ oyun idi. Amma indiki dövr fərqlidir. Hazırda Rusiyada vəziyyət Brejnev dövründəkindən daha sərtdir. Brejnev zamanında həbs olunmaq üçün konkret sənəd yaymalı və ya ciddi nəsə etməli idin, ‘təsadüfi’ həbslər yox idi. İndi isə insanlar hansısa yüngül sosial şəbəkə postuna, yaxud sadəcə sarı-mavi (Ukrayna bayrağının rəngləri) rəngdə çantaya görə onilliklərlə həbs cəzası alırlar! Rejim tamamilə rəhmsiz və amansız bir maşına çevrilib. Brejnev sistemi artıq zəifləyirdi və süquta doğru gedirdi, indiki sistemin isə hələlik can üstündə olduğunu demək çətindir”.
Jurnalist yaxın günlərdə Rusiyada intihar edən xalası qızı, tanınmış bioloq və hüquq müdafiəçisi Nina Litvinovanın ölümündən də danışıb: “Bu, tamamilə şüurlu bir intihar idi. Qoyduğu məktubda dözə bilmədiyi üçün bu addımı atdığını yazmışdı. Putin Ukraynaya hücum edəndən sonra ölkə daxilindəki terroru və qurbanları görmək onun üçün dözülməz idi. O, mühacirətə getmədi, Rusiyada qalıb gizlicə siyasi məhbuslara kömək edirdi, onlara məktublar yazır, bağlamalar göndərirdi. Ətrafda o qədər böyük bir şər formalaşdı ki, o, bunun öhdəsindən gələ bilmədiyini anladı”.
Mühacirətə qaçan rusiyalı siyasətçilərin (məsələn, İlya Yaşinin) fəaliyyətinə olduqca skeptik yanaşdığını gizlətməyən Slonim, xaricdə partiya yaratmaq cəhdlərini mənasız adlandırıb: “Mühacirətdəki siyasi qüvvələr özlərinə yer tapa bilmirlər. Mən sosial şəbəkədə bunu yazanda İlya Yaşin məndən incimişdi. Amma reallıq budur ki, dəyişiklik yalnız ölkə daxilində mümkündür, xaricdən yox”.
Həbsxanada qətlə yetirilən müxalifət lideri Aleksey Navalnının Rusiyaya qayıtmaq qərarını isə Slonim tamamilə doğru addım hesab edir: “Navalnı üçün xaricdə qalmaq qətiyyən qəbulolunmaz idi. O, mühacirətdə heç nə edə bilməzdi. O, xalqın lideri idi və bunu dərk edirdi. Navalnı ölümə getdiyini bilirdi və o, əsl şəhiddir. Çünki o, xaricdən deyil, daxildən mübarizə aparmağın tək yol olduğunu sübut etdi”.
Slonim sonda Rusiyadakı keçmiş gözəl günləri və dost məclislərini darıxaraq deyil, keçmişin bir fəxr ediləsi xatirəsi kimi xatırladığını və mühacirətdə keçmişə yapışıb qalan insanların taleyindən dərs çıxardığını vurğulayıb.
