Azərbaycanda magistratura səviyyəsi üzrə qəbul planında 3843 yerin boş qalması ali təhsildə yaranan problemləri yenidən gündəmə gətirib. Milli Məclisin deputatı Ceyhun Məmmədov bunun səbəbini magistratura təhsilinə marağın azalması ilə əlaqələndirir. Təhsil eksperti Məzahir Məmmədli isə problemin kökündə Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul modelinin dayandığını bildirir.
Deputat Ceyhun Məmmədov açıqlamasında bildirib ki, son illər magistratura təhsili almaq istəyənlərin sayında nəzərəçarpacaq azalma müşahidə olunur:

“Burada bir sıra amillər rol oynayır. Ötən il də magistratura üzrə çoxlu sayda plan yeri boş qalmışdı. Mən bu məsələ ilə bağlı fikirlərimi əvvəllər də səsləndirmişəm. Əsas səbəblərdən biri magistratura təhsilinin iki il davam etməsidir”.
Deputat hesab edir ki, magistratura təhsilinin müddəti bir ilə endirilməlidir:
“İki il magistratura təhsili üçün uzun müddətdir və bu, gənclərin marağını azaldır. Hesab edirəm ki, təhsil müddəti mütləq qısaldılmalıdır. Digər mühüm məsələ isə magistratura diplomunun məzunlara əlavə üstünlüklər qazandırmamasıdır. Gənclər düşünür ki, magistratura təhsili onlara nə əmək bazarında, nə də karyera baxımından ciddi üstünlük verir. Belə olan halda onların bu pilləyə maraq göstərməməsi təbiidir. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var”.
Ceyhun Məmmədovun fikrincə, vaxtında tədbirlər görülməzsə, problem daha da dərinləşəcək:
“Gənclərin magistratura təhsilinə marağını artırmaq üçün sistemli addımlar atılmalıdır. Əks halda bu problem gələcəkdə daha ciddi xarakter alacaq”.
Təhsil eksperti Məzahir Məmmədli isə 3843 plan yerinin boş qalmasını DİM-in qəbul modeli ilə əlaqələndirib. Ekspert bildirib ki, magistraturaya qəbulun əsasən məntiq sualları üzərində qurulması düzgün yanaşma deyil:

“Magistraturaya qəbulun nəticələri göstərdi ki, 3843 plan yeri, o cümlədən dövlət sifarişli yerlər belə boş qalıb. Bu, artıq sadəcə statistik göstərici deyil, qəbul sistemindəki problemlərin göstəricisidir. Əgər məqsəd ali təhsil məzununun ixtisas biliklərini və elmi potensialını qiymətləndirməkdirsə, əsas yük niyə məntiq suallarının üzərinə düşür? Məntiq bu səviyyədə nə orta məktəbdə, nə də universitetlərin əksəriyyətində tədris olunur. Belə olan halda namizədlərdən sistemli şəkildə öyrədilməyən bacarıqlar tələb edilir. Bu isə qiymətləndirmənin obyektivliyi ilə bağlı ciddi suallar yaradır”.
Ekspert hesab edir ki, hər il minlərlə plan yerinin boş qalması problemin gənclərdə deyil, qəbul modelində olduğunu göstərir:
“Dövlət sifarişi əsasında maliyyələşdirilən yerlərin belə boş qalması təhsil siyasətinin səmərəliliyinə mənfi təsir göstərir. İmtahan elə təşkil olunmalıdır ki, tələbələr universitetdə qazandıqları biliklərlə rəqabət apara bilsinlər, əlavə hazırlıq kurslarından asılı vəziyyətə düşməsinlər. 3843 boş yer DİM üçün ciddi siqnaldır. Artıq kosmetik dəyişikliklərlə kifayətlənmək olmaz. Qəbul modelinə fundamental islahatlar lazımdır. Məqsəd imtahanı çətinləşdirmək deyil, ölkənin elmi və akademik potensialını düzgün müəyyənləşdirmək olmalıdır”. /Qaynarinfo.az
