Türk dövlətləri Orta Dəhlizdə tranzit xərclərini və yubanmaları azaltmağa çalışır.
Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun fikrincə, məqsədlər təkcə ticarət həcminin genişləndirilməsi ilə məhdudlaşmamalıdır: “Bu ticarəti daha sürətli, daha effektiv, daha rəqəmsallaşdırılmış, daha diversifikasiya olunmuş və regiondakı sahibkarlar və cəmiyyətlər üçün daha əlverişli hala gətirməliyik. Bu kontekstdə “Türk Dünyası Baxışı 2040″ əhəmiyyətli bir yol xəritəsi ortaya qoyur. Həmin sənəd bizi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, əlaqələndirmənin təkmilləşdirilməsinə, institutların gücləndirilməsinə, biliyə əsaslanan sahələrə investisiya yatırılmasına, dayanıqlı və inklüziv böyüməni stimullaşdırmağa dəvət edir. Bizim əsas prioritetimiz nəqliyyat-logistika sahəsində əlaqələndirmədir”.
Baş katib hesab edir ki, “Orta Dəhliz” adı ilə tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Türk dövlətləri arasında dayanıqlı iqtisadi tərəfdaşlıq üçün ən vacib marşrutlardan birinə çevrilmək potensialına malikdir.
“Bu, Asiya ilə Avropa arasında Türk coğrafiyasından keçən, ticarət, investisiya və iqtisadi yüksəliş üçün yeni perspektivlər açan strateji bir körpüdür. Ancaq Orta Dəhlizin müvəffəqiyyəti təkcə fiziki infrastrukturla təmin olunmayacaq. Limanlar, dəmir yolları, avtomobil yolları və logistika qovşaqları harmonizasiya edilmiş standartların hərtərəfli sistemi, süni intellektə söykənən səmərəli sərhəd prosedurları, razılaşdırılmış tariflər və rəqəmsal gömrük xidmətləri ilə gücləndirilməlidir. Məhz bu səbəbdən Təşkilat sadələşdirilmiş gömrük dəhlizi, e-Permit, e-CMR və Rəqəmsal Yük kimi təşəbbüslər üzərində fəaliyyət göstərir. Bu layihələr tranzit gecikmələrini aradan qaldıra, məsrəfləri azalda və tacirlər ilə investorlar arasında etimadı gücləndirilə bilər”, – deyə K. Omuralıyev vurğulayıb.
O, eyni zamanda qeyd edib ki, Türk ölkələrinin iqtisadi perspektivi bərpa olunan enerji potensialının həyata keçirilməsindən asılıdır: “İqtisadiyyatlarımızın gələcəyi bərpa olunan enerji sahəsindəki imkanlarımızı reallaşdırmaq qabiliyyətimizlə sıx bağlıdır. Enerji təhlükəsizliyi, yaşıl transformasiya və dayanıqlı infrastruktur iqlim dözümlülüyümüz və iqtisadi inkişafımız baxımından həlledici əhəmiyyətə malikdir. Su çatışmazlığı, torpaq deqradasiyası və iqlim dəyişikliyinin nəticələri də daxil olmaqla, iqlim dəyişikliyi və ekoloji problemlərin aradan qaldırılması çərçivəsində bu “yaşıl transformasiya” inkişafa əngəl kimi deyil, “yaşıl texnologiya”lara sahib olmaq, yeni iş imkanları yaratmaq, investisiya cəlb etmək və gələcək nəsillərin rifahını qorumaq üçün bir fürsət olaraq dəyərləndirilməlidir. Bərpa olunan enerji, “yaşıl maliyyələşdirmə” və iqlimə dayanıqlı texnologiyalar sahəsində əməkdaşlıq böyümə üçün böyük potensialın qapısını açmağa qadirdir”.
