“29 oktyabrda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasını, 30 oktyabrda isə Təşkilatın 13-cü Sammitini Ankarada liderlərimizin iştirakı ilə reallaşdıracağıq”.
Bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu zirvə türk dünyasının ortaq gələcək vizyonunu möhkəmləndirəcək tarixi bir addımdır:
“Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıraraq müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığımıza güclü bir zəmin hazırlamış olduq. Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri ilə müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən iş birliyi bu tərəfdaşlığın sahədəki konkrekt təzahürləridir. Önümüzdəki dövrdə də bu sahədəki fəaliyyətlərimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız çərçivəsində irəlilətməyə qərarlıyıq.
Bildiyiniz kimi, Qarabağ işğal altında olduğu illər ərzində Türkiyə Azərbaycanın haqlı davasını dəstəkləmişdir. Bu gün də prioritetimiz bölgədə sülh, sabitlik və rifahın davamlı olaraq bərqərar edilməsidir. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdəki qurucu mövqeyini məmnuniyyətlə izləyirik. Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni bir əməkdaşlıq dövrünün başlayacağına da inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, energetika, ticarət və iqtisadi tərəqqi ilə xatırlanmasını arzulayırıq”.
Nazir əlavə edib ki, İranla bağlı proseslər Türkiyə və Azərbaycanı da çox yaxından maraqlandırır.
İranın təhlükəsizliyi, sabitliyi və rifahı təbiəti etibarilə bölgəmizə birbaşa təsir edir. Bu baxımdan mövcud ixtilafın diplomatik yollarla həllini tapmasını istəyirik.
Hakan Fidan, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Qara dəniz hövzəsinə də ciddi şəkildə təsir göstərir.
Onun sözlərinə görə, son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar regionda can, mal, naviqasiya və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur:
“Təəssüf ki, bu hücumlarda dənizçilərimiz də həyatlarını itirdilər. Həyatını itirən dənizçilərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbir diləyirəm.
Müharibənin Qara dənizə də yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbuledilməz bir haldır. Bu barədə tərəflərə lazımi xəbərdarlıqları edirik”.
Türkiyəli nazir həmçinin qeyd edib ki, 2029-cu ilin sonuna doğru Qars-Dilucu dəmiryolunun inşası başa çatacaq və bununla da Azərbaycandandan gələn qatar fasiləsiz olaraq Türkiyəyə qədər gəlmək imkanı əldə edəcək:
“Bu, bizim üçün mühüm bir logistik imkan olacaq. Bu istiqamətdə işlərimiz davam edir. Azərbaycan ilə Türkiyə arasında daha çox əlaqəni necə təmin edə bilərik, mövcud bağlantıların həcmini necə artıra bilərik, bunlar mühüm fəaliyyət istiqamətlərimizdir”.
Hakan Fidan vurğulayıb ki, TRRIP layihəsi çərçivəsində 42 km-lik yol Ermənistan ərazisindən keçir:
“Bizə verilən son məlumat ondan ibarətdir ki, hazırda layihələndirmə işləri gedir və bu proses il sonuna qədər başa çatacaq. Fiziki işlərə 2027-ci ildə başlanıla bilər. Hesab edirik ki, fiziki işlər başlayandan sonra kifayət qədər qısa müddət ərzində bu hissənin də başa çatdırılması mümkündür. Çünki nəticə etibarilə ərazi o qədər də böyük deyil, 42 km-dən artıq bir məsafə barədə danışırıq. Kifayət qədər qısa müddət ərzində başa çatdırılması mümkündür”.
