Qonşularla əlaqə qurulmadan tranzit ölkəyə çevrilmək mümkün deyil.
Bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan, bu mənada, qonşularla əlaqələrini qurub:
“Eyni zamanda, geniş şəkildə Avrasiyada beynəlxalq əməkdaşlıq qurmağı bacarmışıq. Biz bunu Şərq, Qərb və Şimal və Cənub istiqamətində qurduq və prosesə rəhbərlik etdik. Enerji layihələrimizi də bu dövrdə həyata keçirdik, bir sözlə, Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlıq qura bilib”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanın istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələri yaxşıdır.
“Yaxın Şərqdə yaranan vəziyyət zamanı, mübarizənin ən qızğın dövründə görərsiniz ki, hava nəqliyyatı Azərbaycan ərazisindən keçirdi. Qurudan və dənizdən daşınan yükləri də nəzərə alsaq, Azərbaycanın əhəmiyyəti daha da artır”.
