Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu bu gündən öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək, çıxış edib və jurnalistlərin suallarına cavab verib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu artıq ənənə halını alıb:
“Bu qlobal forum çoxsaylı ölkələrdən qlobal media nümayəndələrinin xüsusi diqqətinə səbəb olur. Ona görə də tədbirdə çoxsaylı qonaqlar iştirak edir. Azərbaycan Prezidenti bu platformada ölkəmizin mövqeyini, region və dünyada baş verən hadisələrin qiymətləndirilməsini aparır və dövlətimizin gələcək planlarından danışır. Bu isə beynəlxalq media subyektləri tərəfindən olduqca maraqla qarşılanır. IV Qlobal Forum da bu mənada istisna deyil”.
Deputat qeyd edir ki, Azərbaycan Prezidenti ünvanlanan suallara verdiyi cavablarla beynəlxalq münasibətlər sistemində ölkəmizin vizionunu müəyyənləşdirir, onun yerini, rolunu, gələcək məqsədlərini qlobal ictimaiyyətin diqqətinə təqdim edir:
“Çoxsaylı qonaqlar Azərbaycan Prezidentinə olduqca maraqlı suallar ünvanlayırlar. Prezidentin suallara cavabından bəlli oldu ki, artıq ölkəmizin gündəmi sülhdür. Prezidentin Azərbaycanla Ermənistan arasında 2025-ci ilin avqustun 8-də Vaşinqtonda paraflanmış sənədə bir daha istinad etməsində mühüm bir mesaj var. Son bir ilə yaxın dövrdə doğrudan da Ermənistan-Azərbaycan sərhədində heç bir atəş səsləri olmayıb”.
H. Babaoğlunun sözlərinə görə, Prezident digər konfliktlər məsələsinə toxunarkən də, onların həllində sülhün vacib olduğunu önə çəkib:
“Regional konfliktlər və onların gələcəyilə bağlı suallara da Azərbaycan Prezidentinin özünəməxsus cavabları oldu. Prezident bütün bu münaqişələrin həllində də sülhün vacib olduğundan danışdı. İran-ABŞ münaqişəsində Pakistanın rolunu yüksək qiymətləndirdi, Rusiya-Ukrayna müharibəsində bir an öncə müharibənin bitməsilə bağlı fikirlərini səsləndirdi. Bütün bu fikirlərdə beynəlxalq hüquqa istinad, habelə beynəlxalq hüququn tələblərinin hər bir sülh üçün ədalətli mənbə kimi çıxış edəcəyinə inam vardı.
Düşünürəm ki, sülhlə bağlı verilən mesajlar Azərbaycan Prezidentinin regional inteqrasiya mesajları ilə birlikdə həm də ölkəmizin mövqeyinin bir daha dünya ictimaiyyətinə təqdim etməsi oldu”.
