Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə-Azərbaycan müttəfiqliyi ilə bağlı səsləndirdiyi mesajlar geniş müzakirə olunur. Dövlət başçısının “Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu bütün vasitələrlə müdafiə edəcək” bəyanatı həm regional təhlükəsizlik, həm də Şuşa Bəyannaməsinin praktik əhəmiyyəti baxımından diqqət çəkən mesaj kimi qiymətləndirilir.
Bu bəyanatın siyasi və geosiyasi əhəmiyyətini şərh edən siyasi icmalçı Zaur İbrahimli bildirib ki, söhbət təkcə iki ölkə arasında münasibətlərdən deyil, Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasından gedir.
Siyasi şərhçi vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında rəsmi müttəfiqlik münasibətləri, xüsusilə hərbi əməkdaşlıq, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallığın əsas təminatlarından birinə çevrilib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən faktiki müttəfiqlik mərhələsinə yüksəldib və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünün qorunması baxımından əlavə təhlükəsizlik təminatı yaradıb:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik bütün türk dövlətləri üçün nümunədir. Bu model Orta Asiyadan Cənubi Qafqaza qədər uzanan geosiyasi məkanda inteqrasiya proseslərini sürətləndirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirir”.
Zaur İbrahimlinin fikrincə, Türkiyə-Azərbaycan müttəfiqliyinin əhəmiyyəti yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmır:
“Bu əməkdaşlıq Şərq-Qərb enerji marşrutlarının, xüsusilə TANAP və TAP layihələrinin, eyni zamanda Orta Dəhlizin etibarlı fəaliyyətinə mühüm töhfə verir. Bu, təkcə Azərbaycan və Türkiyənin deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan amildir”.
Politoloq xatırladıb ki, 2021-ci il iyunun 15-də Şuşada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə münasibətlərinin hüquqi və siyasi əsaslarını keyfiyyətcə yeni mərhələyə yüksəldib:
“Şuşa Bəyannaməsindən sonra hərbi əməkdaşlıq daha da dərinləşib. Birgə hərbi təlimlərin intensivliyi artıb, müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya transferi istiqamətində yeni layihələr həyata keçirilib. Eyni zamanda iqtisadi əlaqələr genişlənib, ticarət dövriyyəsi artıb, Naxçıvanı Türkiyə ilə birləşdirəcək nəqliyyat və enerji layihələrinin icrası sürətlənib. İki ölkə BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda da koordinasiyalı fəaliyyət göstərərək bir-birini ardıcıl şəkildə dəstəkləyir”.
Siyasi şərhçinin sözlərinə görə, Şuşa Bəyannaməsi yalnız mövcud əməkdaşlığı rəsmiləşdirən sənəd deyil, həm də gələcək strateji inkişafın yol xəritəsidir:
“Bu sənəd 1921-ci il Qars müqaviləsindən sonra Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək siyasi-hüquqi səviyyədə tənzimləyən əsas sənədə çevrilib. Bəyannamə müdafiə və təhlükəsizlik sahəsində strateji planlaşdırmanın, nəqliyyat-logistika əməkdaşlığının, Orta Dəhlizin inkişafının və Türk dünyasının inteqrasiyasının gələcək istiqamətlərini müəyyənləşdirir”.
Zaur İbrahimli Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi “Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu bütün vasitələrlə müdafiə edəcəyik” fikrinə də münasibət bildirib:
“Bu bəyanat ilk növbədə Şuşa Bəyannaməsinin sadəcə siyasi niyyət sənədi olmadığını, qarşılıqlı təhlükəsizlik öhdəlikləri ehtiva etdiyini nümayiş etdirir. Burada söhbət iki dövlət arasında kollektiv müdafiə məntiqini əks etdirən strateji həmrəylikdən gedir. Bu mesaj göstərir ki, Azərbaycana qarşı hər hansı təhdid və ya təcavüz cəhdi yalnız Bakıya qarşı deyil, bütövlükdə Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı yönəlmiş addım kimi qiymətləndiriləcək”.

Politoloqun fikrincə, bu bəyanatın beynəlxalq ölçüsü də var:
“Mesaj yalnız region ölkələrinə deyil, Cənubi Qafqazda maraqları olan bütün qlobal aktorlara ünvanlanıb. Prezident açıq şəkildə göstərdi ki, Azərbaycanın təhlükəsizliyi artıq yalnız milli təhlükəsizlik məsələsi deyil, Türkiyə amilinin ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən regionla bağlı istənilən geosiyasi hesablamada Ankara faktorunu nəzərə almamaq mümkün deyil”.
Zaur İbrahimli hesab edir ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Türkiyə-Azərbaycan müttəfiqliyinin Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik arxitekturasındakı rolunu bir daha təsdiqlədi:
“Şuşa Bəyannaməsinin növbəti ildönümü ərəfəsində verilən bu mesajlar göstərir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi artıq yalnız siyasi bəyanat deyil, real hərbi, təhlükəsizlik, iqtisadi və geosiyasi məzmuna malik uzunmüddətli strateji modeldir”./Qaynarinfo.az
