Qlobal və regional proseslərin sürətlə dəyişdiyi indiki mərhələdə coğrafi mövqe, nəqliyyat-kommunikasiya imkanları, enerji resursları, logistika infrastrukturu və müxtəlif siyasi-iqtisadi məkanlar arasında körpü rolunu oynamaq qabiliyyəti dövlətlərin beynəlxalq əhəmiyyətini müəyyən edən əsas amillər sırasında xüsusi yer tutur. Bu baxımdan Azərbaycan Avrasiyanın ən mühüm strateji bağlantı nöqtələrindən birinə çevrilib. Belə ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində formalaşan nəqliyyat dəhlizlərinin mühüm həlqəsi kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri yalnız tranzit imkanlarını genişləndirmir, eyni zamanda, onun regional və beynəlxalq geosiyasi çəkisini artırır.
Bu sözləri açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirak etməsi Azərbaycanın xarici siyasəti və Avrasiya məkanında artan rolu baxımından xüsusi əhəmiyyətlidir. Belə ki, Azərbaycan-ŞƏT münasibətlərinin ən mühüm istiqamətlərindən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Çünki ŞƏT coğrafiyası Çin, Mərkəzi Asiya, Rusiya, İran, Hindistan, Pakistan və digər mühüm iqtisadi məkanları bir araya gətirir. Azərbaycan bu böyük coğrafiyanın Avropa bazarlarına çıxışında əlverişli tranzit mövqeyə malikdir. Əsas məsələ Azərbaycanın sadəcə tranzit ölkə olması deyil, eyni zamanda, ölkənin Avrasiyanın mühüm logistika və bağlantı mərkəzlərindən birinə çevirməsidir. Çünki son illər Orta Dəhlizə marağın artması Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da yüksəldib. Çin, Mərkəzi Asiya və Avropa arasında alternativ, səmərəli logistika marşrutlarının axtarılması Azərbaycanın nəqliyyat potensialını ön plana çıxarır. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan ərazisində yaradılan müasir avtomobil və dəmir yolu infrastrukturu, Ələt Azad İqtisadi Zonası və Xəzər üzərindən daşımaların inkişafı vahid strateji konsepsiyanın elementləridir. Məhz bu səbəbdən ŞƏT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır.
“Azərbaycanın əsas üstünlüyü onun müxtəlif beynəlxalq platformalarda paralel şəkildə fəal iştirak edə bilməsidir. Ölkəmiz bir tərəfdən Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, digər tərəfdən Avropa ilə əməkdaşlığı inkişaf etdirir, eyni zamanda, Çin və Mərkəzi Asiya dövlətləri ilə strateji əlaqələr qurur. Bu, Azərbaycanın xarici siyasətinin çoxvektorlu və praqmatik xarakterinin nümayişidir. Azərbaycanın beynəlxalq siyasətində əsas xətt hər hansı güc mərkəzinə qarşı mövqe tutmaq deyil, milli maraqlar əsasında müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır. Belə ki, ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra ölkəmizin regional siyasətində yeni mərhələ yaranıb. Artıq Azərbaycan regional kommunikasiyaların təhlükəsizliyi, yeni nəqliyyat xətlərinin qurulması, enerji layihələrinin genişləndirilməsi və postmünaqişə ərazilərinin reinteqrasiyası məsələlərinə daha geniş geosiyasi çərçivədən yanaşır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Azərbaycanın regionun gələcək iqtisadi xəritəsinin formalaşmasında fəal rol oynadığını göstərir. Bu ərazilərin nəqliyyat infrastrukturu ilə Azərbaycanın digər regionlarına və beynəlxalq dəhlizlərə inteqrasiyası gələcəkdə ölkənin tranzit potensialını daha da artıracaq”, – deyə siyasi şərhçi bildirib.
