Rusiyada daxili böhranın dərinləşməsi və Ukrayna müharibəsinin yaratdığı fəsadlar ölkənin həm iqtisadiyyatında, həm də daxili siyasətində ciddi çatların yaranmasına səbəb olub.
Daxili problemlərin böyüdüyünü artıq Vladimir Putinin özü də etiraf etmək məcburiyyətində qalıb. “Xalq cəbhəsi” forumunda çıxış edən Rusiya prezidenti Ukrayna dronlarının hücumlarının ölkənin neft məhsulları təminatında “müəyyən problemlər” yaratdığını təsdiqləyib. Putin vəziyyətin tezliklə düzələcəyini və ilhaq olunmuş Krıma yanacaq nəqlinin təhlükəsiz təmin ediləcəyini vəd etsə də, reallıq tam fərqlidir. Sıravi Rusiya vətəndaşları yanacaqdoldurma məntəqələrindəki uzun növbələr və sürətlə artan inflyasiya fonunda artıq dövlət təbliğatına inanmırlar.
Tanınmış politoloq Abbas Qallyamov yaranmış vəziyyəti şərh edərək bildirib ki, Putinin bəyanatları artıq cəmiyyəti sakitləşdirmək və ya onun “qələbə xətti” ətrafında birləşdirmək gücündə deyil: “Artıq heç bir konsolidasiyadan söhbət gedə bilməz. Beş il əvvəlki yüksək gözləntilərlə indiki acınacaqlı reallıq arasındakı uçurum çox böyükdür. Avtoritar cəmiyyət yalnız gücə və uğura hörmət edir. Cəbhədə qalib gələ bilməyəndə, arxa cəbhədə zərbələr alanda və xarici siyasətdə uduzanda ətrafında heç kim birləşməyəcək. İndi rusiyalılar qorxu içində hər şeyin nə vaxt çökəcəyini gözləyirlər. İnsanlar sabahkı gündən qorxurlar və bu neqativin yeganə ünvanı Putindir”./azpolitika.info
