Süni intellekt vasitəsilə 1,3 milyon hektar əkin sahəsi 100 % nəzarətə götürülə bilər.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, hər il elektron sistem vasitəsilə 400 minə yaxın fermer əkinlərini bəyan edir və buna uyğun dövlət dəstəyi alır: “Əvvəl bu proses insan əməyi ilə həyata keçiriləndə ölkə üzrə mövcud olan təqribən 1,3 milyon hektar əkin sahəsinin yalnız 10 %-ni yoxlamaq mümkün olurdu. Üstəlik, insan amili olan yerdə sui-istifadə halları qaçılmazdır. Bu gün formalaşdırılmış data və proqram təminatları sayəsində həmin 1,3 milyon hektar sahəni insan resurslarından istifadə etmədən, tamamilə avtomatlaşdırılmış qaydada və 100% nisbətində yoxlaya bilərik.”
Nazir müavini qeyd edib ki, hazırda hazırlanma mərhələsində olan və bir qismi artıq istifadəyə verilən süni intellekt layihələri müsbət nəticələr yaradır: “Bunlar həm dövlət, həm də fermer üçün konkret nəticələr yaradır. Peyk görüntüləri və süni intellekt vasitəsilə əkin sahələrinin avtomatik monitorinqi hesabına həm yanlış subsidiya halları aşkar edilir, dövlət vəsaitindən daha səmərəli istifadə olunur, subsidiya prosesləri əhəmiyyətli dərəcədə sürətlənir. Digər istiqamətdə ölkə üzrə bitki xəritələri hazırlanması regionların ixtisaslaşmasının müəyyən edilməsinə, əkin strukturunun düzgün planlaşdırılmasına və gələcək siyasətin formalaşdırılmasına imkan verir”.
