Bu ilin ilk yarısında Azərbaycanda hotellərdə və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 %, hotellərin gəlirləri isə 3,8 % azalıb. Eyni zamanda, hotellərin doluluq səviyyəsi də 21,4 %-dən 19,3 %-ə enib. Dövlət Statistika Komitəsinin açıqladığı bu rəqəmlər göstərir ki, ölkədə həm gecələmələrin sayı, həm də hotellərin doluluq səviyyəsi azalıb.
Açıqlanan bu rəqəmlər müvəqqəti geriləmənin, yoxsa sektorda həllini gözləyən daha ciddi problemlərin olduğundan xəbər verir?
Azərbaycanda turizm sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər müsbət nəticə versə də, ölkəyə daha çox turist cəlb etmək üçün bir sıra problemlərin aradan qaldırılması vacibdir. Bunu turizm eksperti Əziz Şiriyev açıqlamasında deyib.
Əziz Şiriyevin sözlərinə görə, hazırda dünyada baş verən geosiyasi proseslər bütün dünya iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir:
“Bu, çox mühüm məsələlərdən biridir. Hazırda ölkəmizə daha çox turist cəlb etmək üçün müxtəlif addımlar atılır. Təbii ki, dünyada baş verən geosiyasi proseslər ümumi dünya iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir”.
Ekspert bildirib ki, turist axınına təsir edən əsas amillərdən biri də Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır:
“Digər mühüm məsələlərdən biri quru sərhədlərimizin bağlı qalmasıdır. Bundan da vacib məqamlardan biri aviabiletlərin baha olmasıdır. Xarici turistlər Qafqaz ölkələrini müqayisə edərkən görürlər ki, Azərbaycanın aviabiletləri digər ölkələrlə müqayisədə daha bahadır. Bundan əlavə, aşağıbüdcəli (low-cost) aviaşirkətlərin kifayət qədər olmaması səbəbindən turistlər seçimlərini başqa ölkələrdən yana edirlər. Təbii ki, bu da ölkəyə turist axınına mənfi təsir göstərir”.

Onun sözlərinə görə, Azərbaycanın tanıdılması istiqamətində atılan addımlar təqdirəlayiq olsa da, əsas məqsəd turist sayını artırmaq olmalıdır:
“Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər müsbət tendensiya yaradır. Azərbaycanın tanıdılması istiqamətində yeni planlar da həyata keçirilir. Müxtəlif ölkələrdən blogerlərin Azərbaycana dəvət olunması və onların vasitəsilə ölkənin təbliğ edilməsi nəzərdə tutulur. Bunlar müsbət addımlardır. Amma ilk növbədə ölkəyə daha çox turist cəlb edilməlidir. Turistlərin sayı artdıqdan sonra xidmət keyfiyyətini daha da yüksəltmək mümkündür”.
Əziz Şiriyev hesab edir ki, aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana uçuşlara başlaması turizmə ciddi təkan verəcək:
“Artıq oktyabr ayından etibarən Avropanın bir neçə ölkəsindən aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi planlaşdırılır. Bu isə Avropadan Azərbaycana daha çox turist cəlb etməyə imkan verəcək”.
Ekspert region hava limanlarının imkanlarından da daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb:
“Ölkəmizdə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir və onların imkanlarından da səmərəli istifadə olunmalıdır. Bütün yük yalnız Bakının üzərinə düşməməlidir. Regionlarda yerləşən hava limanlarına uçuşların qiymətləri daha əlçatan olmalıdır ki, turistlər birbaşa həmin bölgələrə səfər etsinlər. Bu, həm regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək, həm də hava limanlarının fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcək”./qaynarinfo.az
