Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq prezidenti Mişel Platini hesab edir ki, Canni İnfantino təşkilatın reqlamentini pozduğuna görə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti postundan getməlidir.
Bu barədə Platini “RMC Sport”a şərhində bildirib.
“İnfantino uğursuzluğa düçar olub, çünki o, oyun qaydalarının qarantıdır və onlara riayət etməyib”, – Platini deyib.
Onun sözlərinə görə, dünya çempionatı matçlarının keçirilməsi ilə bağlı dəyişikliklər, o cümlədən reklam fasilələri və finalda hissələr arasındakı fasilənin uzadılması reqlamentdə nəzərdə tutulmayıb.
Ayrıca Platini ABŞ yığmasının futbolçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğv edilməsi barədə qərarı tənqid edib.
Daha əvvəl İnfantino dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsini özəl investorlara vermək planları fonunda UEFA-nın dəstəyindən məhrum olub.
İyul ayında FİFA rəhbərinin təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət etməli olan “FIFA Forward Enterprise” şirkətini yaratmaq niyyəti məlum olub. İnfantinonun fikrincə, bu, FİFA-ya üzv olan assosiasiyaların gəlirlərini artırmağa və dünyada futbolun inkişafına təkan verər.
FİFA-dan bildiriblər ki, yeni sxem 4,2 milyard dollar cəlb edə bilər. Təşəbbüs bir sıra futbol funksionerləri, federasiyaları və təşkilatları tərəfindən tənqidə məruz qalıb. UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) buna qarşı çıxış edib.
Daha sonra Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar İnfantinonun təşəbbüsünə dəstək ifadə ediblər.
