Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı son bir ildə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il avqustun 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 247,1 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz çoxdur. Eyni zamanda, işsizlərin strukturunda ali təhsilli şəxslərin sayında da ciddi artım qeydə alınıb.
2025-ci il avqustun 1-də qeydiyyatda olan işsizlərin sayı 231,3 min nəfər olduğu halda, bir il ərzində bu rəqəm 15,8 min nəfər artıb. Qeydiyyatda olan işsizlərin 52,8 faizini qadınlar təşkil edib. Ötən ilin eyni tarixində isə qadınların payı 49,7 faiz olub.
Digər tərəfdən, ölkədə məşğul insanların sayı 5 milyon 146 mindən çoxdur və rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi 5 faiz civarındadır.
İşsizliklə bağlı digər diqqətçəkən məqam ali təhsilli şəxslərlə bağlıdır. Belə ki, 2025-ci ilin sonunda 31 min 785 ali təhsilli şəxs işsiz kimi qeydiyyatda olub. 2024-cü ildə bu göstərici 26 min 898 nəfər təşkil edib. Beləliklə, ali təhsilli qeydiyyatlı işsizlərin sayı bir il ərzində 4 min 887 nəfər və ya 18,2 faiz artıb. Onların 16 min 334 nəfəri qadın, 15 min 451 nəfəri isə kişilər olub.
Ümumilikdə isə qeydiyyatda olan işsizlər arasında ən böyük qrupu tam orta təhsilli şəxslər təşkil edir. Bu kateqoriyadan olan işsizlərin sayı 130 min 777 nəfərdir.
Təhsil eksperti Elçin Əfəndi açıqlamasında bildirib ki, əmək bazarında tələbat olmayan ixtisaslar üzrə plan yerlərinin çoxaldılması gələcəkdə ali təhsilli işsizlərin sayının artmasına səbəb olur.

Onun sözlərinə görə, son dövrlərdə bu tendensiya daha çox müşahidə edilir: “Əmək bazarında tələbatı olmayan sahələrə, xüsusilə ixtisaslaşma mərhələsində çoxlu sayda tələbə qəbul edildiyi zaman, gələcəkdə həmin ixtisaslarla bağlı iş çatışmazlığı problemi ilə üzləşirlər. Bu da əmək bazarında ali təhsilli işsiz ordusunun formalaşmasına gətirib çıxarır. Biz bunu ötən dövrlərlə müqayisə etdikdə yeni dövrdə daha çox müşahidə edə bilirik. Son dövrlərdə ali təhsil müəssisələrində artan plan yerləri ilə əmək bazarında məzunlar üçün mövcud iş yerlərinin məhdudluğu arasında yaranan fərq də işsiz ordusunun formalaşmasına təsir göstərir. İxtisaslı kadrların çox olması, əlbəttə ki, onların işlə təminatına təsir göstərir”.
Ekspert qeyd edir ki, məzunlar əmək bazarında tələbat olmayan ixtisasları seçməklə, sadəcə ali təhsil almaq xatirinə təhsil almağa üstünlük verdiklərindən, məzun olduqdan sonra da işlə bağlı çətinliklərlə üzləşirlər: “Bu da, əlbəttə, statistikaya mənfi təsir göstərir. Düşünürəm ki, gələcəkdə əmək bazarında daha az tələbat olan ixtisaslara deyil, daha çox tələbat olan ixtisaslara plan yerlərinin artırılmasına üstünlük verməliyik. Beləliklə, tələbələr müasir dövrün tələblərinə uyğun ixtisaslara yönəlməklə ən azı gələcək iş imkanlarını əvvəlcədən qazanmış olarlar. Bir məsələ də universitetdə təhsil alan tələbələrin təcrübə məsələsinə diqqət yetirilməsidir. Onlar ən azı üçüncü kursdan etibarən təcrübəyə başlamalıdırlar. Belə olduqda, hansısa iş yerinə müraciət edərkən onlardan təcrübə tələb olunanda, artıq universitetdə təhsil aldıqları müddətdə təcrübə keçmiş kadr kimi özlərini təqdim edə bilərlər. Bu da müəssisələrin onları işə qəbul etməsi baxımından üstünlük yarada bilər”. azpolitika.info
