Əmək müqaviləsi olmadan çalışan şəxslərin sosial sığorta sistemindən kənarda qalması onların gələcək pensiya təminatı ilə bağlı riskləri artırır. Bəs qeyri-rəsmi məşğulluğun geniş yayılması gələcəkdə insanların pensiya təminatına necə təsir göstərə bilər və əmək müqaviləsi ilə işləməyin təşviqi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna görə iki halda vətəndaş pensiya hüququ əldə edir.
Onun sözlərinə görə, sığorta stajı tələbini yerinə yetirdikdə 25 il sığorta stajı olmalıdır:
“Düzdür, indiki halda bu, müəyyən qədər hədiyyə olunur. Amma bu şərtlər daxilində onu da qeyd edim ki, yalnız minimum pensiya hüququ yaranır. Minimum pensiya kapitalı tələbinin ödənilməsi halında pensiya hüququ yaranır.
Digərlərinə münasibətdə isə pensiya hüququ yaranmır, yalnız yaşa görə sosial müavinət ala bilərlər. Bu da, təbii ki, kifayət qədər aşağı məbləğ olduğu üçün vətəndaşın ahıllıq dövründə rifah göstəricisinin ciddi şəkildə pisləşməsinə gətirib çıxara bilər, əgər hansısa əlavə mənbələrdən gəliri yoxdursa.
Yəni, təbii ki, burada düşünürəm ki, əmək bazarının leqallaşması istiqamətində tədbirlər yalnız inzibati yolla deyil, eyni zamanda təşviqlər yolu ilə həll edilməlidir. Azərbaycanda bu istiqamətdə ciddi çatışmazlıqlar mövcuddur. Ümumiyyətlə, əmək bazarının özü kifayət qədər zəif tənzimlənir və bu istiqamətdə təşviqedici alətlərdən istifadə məhduddur”
İqtisadçı əlavə edib ki, məsələn, sosial sığortada leqallaşdırılmış əmək müqaviləsinə münasibətdə həm sahibkarın, yəni həm işəgötürənin, həm də işçinin kifayət qədər ciddi ödənişləri vardır:
“Burada məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı fondunun 25 faizini təşkil edir. Eyni zamanda, əlavə olaraq icbari tibbi sığorta üzrə ayırma, işsizlikdən sığorta üzrə ayırma, bəzi hallarda həmkarlar ittifaqları və s. Ödənişlər də mövcuddur. Yəni nəticədə əməkhaqqı fondunun əhəmiyyətli hissəsi 30 faiz və daha çox hissəsi bu məqsədlə ayrılır. Bu da öz-özlüyündə indiki şərtlər daxilində əmək bazarında…
Yəni xalq arasında yayılmış bir misal var: “Nağd olsun, soğan olsun”. Bu, çox asanlıqla bir sosial sövdələşmənin əsasını formalaşdırır və işəgötürənlə işçi arasında ortaq bir məbləğdə razılaşaraq bu öhdəliklərdən yan keçməyə üstünlük verilir. Yəni bugünkü mövcud əməkhaqqı fondu üzərində olan fiskal yük bu istiqamətdə ciddi maneələrdən biridir.
Eyni zamanda, təbii ki, pensiya sisteminin özünün də kifayət qədər çatışmazlıqları vardır. İlk növbədə onu qeyd edək ki, vətəndaşların əhəmiyyətli hissəsi 65 yaşın çox yüksək bir pensiya yaşı olduğunu düşünürlər və haqlıdırlar. Azərbaycanda orta yaş həddini götürsək, dünya ölkələri ilə gözlənilən pensiya dövrünü müqayisə etsək, burada təxminən iki dəfə fərq vardır. Bu, öz-özlüyündə pensiya sisteminin etibarsızlığını formalaşdırır. Xüsusilə kişilərə münasibətdə hər iki nəfərdən biri pensiya yaşına çata bilmirsə, aydındır ki, uzunmüddətli dövrdə 30-40 il planlama tələb edən, bəzi hallarda hətta 50 il planlama tələb edən bir sistemə güvəni zəiflədir.
İkincisi, bizdə kapitalın birdəfəlik istifadəsi imkanının olmamasıdır. Burada, məsələn, bir çox ölkələrdə toplanmış kapitalın müəyyən bir qismi vətəndaş tərəfindən müxtəlif məqsədlər üçün həyati məqsədlər, mənzil şəraitinin yaxşılaşdırılması, səhiyyə məqsədləri, övladların təhsil haqqının ödənilməsi və s. üçün birdəfəlik istifadə oluna bilər. Amma Azərbaycanda bu məhduddur.
Üçüncüsü, varislik hüququnun olmamasıdır. Bir çox ölkələrdə varislik hüququ vardır və müxtəlif formalarda varisliyin təsbit olunması, yəni toplanmış kapitalın onun üzərində təsbit olunması məsələsi öz əksini tapır. Hansı ki, bunlardan biri də məhz toplanmış kapitalın vətəndaşın varislərinə ötürülməsi mexanizmidir: onların kapitalının üzərinə əlavə edilməsi, yaxud onlara ödənilməsi və ya onların hansısa digər məqsədlər üçün istifadəsinə şəraitin yaradılması. Azərbaycanda isə bu da yoxdur.
Yəni bütövlükdə ümumiləşdirmiş olsaq, Azərbaycanda pensiya sistemi təşviqedici deyil. Burada ikinci ən mühüm amil də odur ki, düşünürəm, bu faktorların aradan qaldırılmaması halında mövcud çatışmazlıqlar da davam edəcəkdir. Yalnız inzibati yollarla, təzyiq yolu ilə hansısa formada bu istiqamətin həlli üçün atılan addımların kiçik töhfələrindən başqa ciddi nəticələri olmayacaqdır.
Buna görə də müvafiq istiqamətdə fundamental islahatların aparılmasına, sadalanan məqamların aradan qaldırılmasına ciddi zərurət var.”, – deyə iqtisadçı fikrini tamamlayıb./Demokrat.az
