İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onlayn sifariş əsasında məhsulların məsafədən pərakəndə satışının rəsmiləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Bu barədə mediaya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci bəndinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar, o cümlədən ödəniş kartları, ödəniş tapşırıqları və digər ödəniş alətləri vasitəsilə aparılan ödənişlər nağdsız hesablaşma hesab olunur.
Dövlət Vergi Xidmətindən bildirilib ki, məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması zamanı satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilə bilər. Bu halda məhsulun dəyərinin müştəri tərəfindən ödəniş kartı vasitəsilə fərdi sahibkarın vergi ödəyicisi kimi açdığı bank hesabına bağlı karta köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.
Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılarkən alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarının təqdim edilməsi vergi ödəyicisinin vəzifələrinə daxildir.
Beləliklə, Dövlət Vergi Xidmətinin açıqlamasına görə, onlayn sifariş əsasında məhsulun məsafədən satılması və ödənişin sahibkarın bank hesabına bağlı karta köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.
