Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında vəziyyət acınacaqlı həddə çatıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxdıqdan sonra, təxminən iki ildir ki, xəstəxanaya direktor təyin olunan Sayiq Səmədovun idarəçiliyi tibb müəssisəsini faktiki olaraq həbsxana rejiminə salıb.
Daxil olan məlumatlara görə, rəhbərliyin qanunsuz əməlləri səbəbindən tibb ocağında ciddi problemlər tüğyan edir.
Xəstələrə ayrılan yemək pulları mənimsənilir, yatan xəstələrə demək olar ki, qida verilmir. Hətta şəkər xəstələrinə vacib olan sistemlər və lazımi dərmanlar çatışmır, təcili yardımlarda tibbi ləvazimatlar tapılmır. Bununla yanaşı, kənd tibb məntəqələrinə (Söyüdlü, Gərgər, Miskinli, Çanaqçı, Niyaabat və s.) ayrılan vəsaitlər də sənəd üzərində yazılaraq mənimsənilir.
Xəstəxananın qapısından içəri girən hər bir vətəndaşdan pul tələb olunur. Arayışların verilməsi 50 manat, iynə vurulması 5 manat, sistem qoyulması isə 12 manata başa gəlir. Həmçinin, xəstəxanada doğum üçün 300 manat, abort üçün isə 500 manat “zəhmət haqqı” alındığı bildirilir. Doğuşa gələn qadınlar “ödəniş” tutulduğu üçün saxlanılsa da, qəza və digər ağır ağırlaşmalarla gələn təcili xəstələr, hətta rayon daxilində qeydiyyatda olanlar belə müayinə edilmədən evlərinə, yaxud Şəmkir və Gəncə xəstəxanalarına göndərilir. Xəstələrin adına formal olaraq qida və dərman yazılsa da, özləri başqa şəhərlərə üz tutmalı olurlar.
Xəstəxanada rentgen və UZİ aparatları lazımi səviyyədə çalışmır, ehtiyac olduqda Şəmkirdən həkimlər dəvət edilir. Hərbi xidmətə gedən yüzlərlə gənc “sağlamlıq kağızı” almaq üçün günlərlə əziyyət çəkir. Kənd məntəqələrində həkim tapılmadığı üçün rayon mərkəzinə gələn sakinləri müayinə edən olmadığı üçün, 103 Təcili Tibbi Yardım avtomobilləri gecə-gündüz Şəmkir və Gəncə yollarında qalır.
Direktorun sürücüsü olan Röyal adlı şəxsin xidməti avtomobilinə qanunsuz yanacaq yazdırdığı və xəstəxananın qarşısında “Nur” kafesini işlətdiyi iddia olunur. Direktorun özü isə xidməti işlərini həkimlərin şəxsi avtomobilləri ilə həyata keçirir.
Yaranmış dözülməz şəraitə, hədə-qorxulara görə tibb heyəti boğaza yığılıb. Təcrübəli həkimlər işdən ayrılaraq digər bölgələrə köçür və ya təqaüdə çıxırlar. Vətəndaşların şikayəti əsasında direktora sorğu-sual edən mətbuat nümayəndələri isə xəstəxanadan qovulur.
2024-cü ildə Prokurorluq və Maliyyə Nazirliyinin yoxlamalarından sonra yeyintilərə görə işdən azad edilən keçmiş direktor Firdovsi Sarıyevin öncə Gərgər kənd məntəqəsinə müdir, indilərdə isə Təcili Yardım Şöbəsinə həkim kimi qaytarılması narazılıqları daha da artırıb.
Məlumata görə, Sayiq Səmədov bu özbaşınalıqları hazırda Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevlə olan yaxınlığına arxalanaraq həyata keçirir. Pensiyada ola-ola həm dövlətdən təqaüd, həm də xəstəxanadan yüksək məvacib alan direktorun tutduğu əməllər Gədəbəy əhalisini cana doydurub.
Sakinlər və tibb heyəti Aidiyyəti Dövlət Qurumlarından və Hüquq-Mühafizə Organlarından Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təcili və əsaslı yoxlamaların aparılmasını tələb edirlər./gundemxeber.org
