Dünyada laboratoriyada yetişdirilən ətə maraq getdikcə artır. Süni ətin gələcəkdə ənənəvi heyvandarlığa alternativ ola biləcəyi bildirilir. Azərbaycanda belə məhsulların bazara daxil olması və ya yerli istehsalının yaradılması fermerlər üçün yeni rəqabət mühiti formalaşdıra bilər. Bu isə həm maldarlıq təsərrüfatlarının gəlirlərinə, həm də ət bazarındakı qiymətlərə təsir göstərə bilər.
Azərbaycanda süni ətin yayılması yerli fermerlərin fəaliyyətinə və heyvandarlıq sektoruna necə təsir göstərə bilər? Süni ət gələcəkdə Azərbaycanda ənənəvi ət istehsalına real alternativə çevrilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli bildirib ki, laboratoriyada yetişdirilən ət elmi baxımdan hüceyrə əsaslı ət və ya heyvan hüceyrələrinin laboratoriya şəraitində çoxaldılması yolu ilə əldə edilən məhsul kimi qəbul olunur.
Onun sözlərinə görə, belə məhsulların tərkibinin təbii heyvan əti ilə nə dərəcədə eynilik təşkil etdiyi məsələsi hələ tam dəqiqləşdirilməyib və bu istiqamətdə araşdırmalar davam edir: “Əgər süni ət istehsalı gələcəkdə kütləviləşər və daha ucuz istehsal imkanları yaradarsa, bu, təkcə Azərbaycanda deyil, dünya ət bazarına da təsir göstərə bilər. Düşünmürəm ki, yaxın perspektivdə Azərbaycanda bu proses ənənəvi fermer təsərrüfatlarına və heyvandarlıq sektoruna ciddi problemlər yaratsın. Bununla belə, hazırda da fermerlər və ət istehsalçıları müəyyən çətinliklərlə üzləşirlər. Xüsusilə otlaq sahələrinin digər təsərrüfat növlərinə verilməsi və kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ət istehsalına ciddi təsir göstərir”.

İ.Hüseynli Azərbaycanın ət bazarında idxaldan asılılığın da mövcud olduğunu vurğulayıb: “Ölkəyə müxtəlif ölkələrdən, o cümlədən Rusiya və digər dövlətlərdən ət məhsulları idxal olunur. Azərbaycan laboratoriya şəraitində yetişdirilən ətin istehsalı baxımından hazırda ön sıralarda deyil. Bu sahənin inkişafı üçün müvafiq qanunvericilik bazasının yaradılması vacibdir. Laboratoriyada yetişdirilən ətin istehsalı və dövriyyəsi ilə bağlı hüquqi mexanizmlər müəyyənləşdirilməlidir. Bir sıra ölkələrdə bu istiqamətdə qanunvericilik imkanları yaradılıb. Azərbaycanda isə bu sahə ilə bağlı ayrıca hüquqi çərçivənin formalaşdırılmasına ehtiyac var”.
Ekspert gələcəkdə istehlakçı seçimlərinin də dəyişə biləcəyini istisna etməyib. Yeni nəsil qida məhsullarında fərqli seçimlərə daha çox üstünlük verə bilər: “Xüsusilə gənclər arasında fast-food məhsullarına, dönər və broyler toyuq məhsullarına maraq yüksəkdir. Təxminən 35-40 il ərzində nəsil dəyişikliyi baş verdikcə insanların qida seçimləri də dəyişə bilər. Belə bir şəraitdə gələcək nəsil ənənəvi fermer təsərrüfatlarında yetişdirilən heyvan ətindən daha çox texnoloji üsullarla istehsal olunan alternativ məhsullara üstünlük verə bilər.
Hazırda isə istehlakçıların təbii şəraitdə yetişdirilmiş heyvan məhsullarına marağı daha yüksəkdir. Bu baxımdan yaxın perspektivdə laboratoriyada yetişdirilən ətin Azərbaycan bazarına daxil olaraq ənənəvi fermer təsərrüfatlarını sıradan çıxarması real görünmür”.
İ.Hüseynli hesab edir ki, əsas dəyişiklik texnologiyanın inkişafı və istehsal xərclərinin azalması ilə baş verə bilər: “Süni ətin qiyməti ənənəvi ətlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olarsa, istehlakçıların seçimində də dəyişiklik yarana bilər. Məsələn, bu gün bazarda quzu ətinin qiyməti 25 manata yaxınlaşırsa və texnologiyanın inkişafı nəticəsində alternativ məhsulu 12-13 manata istehsal etmək mümkün olarsa, istehlakçıların bir hissəsi tədricən həmin məhsula keçə bilər. Lakin bunun yaxın perspektivdə baş verəcəyi gözlənilmir”.
Ekspertin fikrincə, süni ətin yayılması ilkin mərhələdə Azərbaycanın heyvandarlıq sektorunu sıradan çıxarmayacaq, əksinə, bazarda yeni bir seqment formalaşdıracaq: “Lakin texnologiyanın ucuzlaşması gələcəkdə ənənəvi ət istehsalçıları üçün rəqabəti artıra bilər. Azərbaycanın bu prosesi yalnız kənardan izləməsi doğru yanaşma deyil. Ölkə indidən elmi tədqiqatlar, qida təhlükəsizliyi, qanunvericilik və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində hazırlıq görməlidir. Gələcəkdə üstünlük yalnız süni ət və ya ənənəvi ət istehsal edən tərəfdə olmayacaq. Daha keyfiyyətli, təhlükəsiz və istehlakçı üçün əlçatan məhsul istehsal edən tərəf rəqabətdə üstünlük qazanacaq”, – deyə ekspert vurğulayıb./azpolitika.info
