ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Həmin məktubların mətnini təqdim edirik:
“Zati-aliləri.
8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.
Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən böyük məmnunluq duydum. Bakıda Zati-aliniz tərəfindən qəbul olunmaq xüsusi şərəf idi. Bu görüş bizə ortaq prioritetlərimiz və ICESCO ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə dəyərli fikir mübadiləsi aparmaq imkanı yaratdı.
ICESCO ilə Azərbaycan Respublikası arasındakı səmimi və konstruktiv münasibətlər yüksək qiymətləndirilir. Bu, təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması, həmçinin xalqlar və sivilizasiyalar arasında dialoqun inkişafı sahəsindəki davamlı əməkdaşlığımızda öz əksini tapır. Əminəm ki, bu tərəfdaşlıq dərinləşərək təsir dairəsini genişləndirəcək, üzv dövlətlərimizə xidmət edən və daha dinc, harmoniyalı bir dünyaya töhfə verən birgə təşəbbüslər üçün yeni yollar açacaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, dost Azərbaycan xalqına bir daha davamlı sülh, rifah və firavanlıq arzulayıram”.
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.
İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.
Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm”.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud da dövlətimizin başçısını təbrik edib.
Məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.
