Skip to content
20/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 2
  • Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

admin 02/04/2025
shtaynmayer-eliyev

 

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.

Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə – Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.

Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Bir daha xoş gəlmisiniz.

Sonra Almaniya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Frank-Valter Ştaynmayerin bəyanatı

– Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə ürəkdən çox təşəkkür edirəm və qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Biz burada bundan çox zövq alırıq. Siz dediniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu funksiyada ilk dəfəyəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə olub, doqquz il keçib üstündən. İndi dünyada vəziyyət elə tez dəyişir, geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə buraya səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Ona görə şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Biz həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Bu aralarda Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçən il baş tutan bu görüşdə müzakirə aparmışıq və şadam ki, mən indi Sizin səfərinizin qarşılığı olaraq ölkənizdə səfərdəyəm.

Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. İlk dəfə şvabiyalı kəndlilərin burada – Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər bu sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Ona görə bunu xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Mən çox şadam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və mən hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.

Mən bu mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrə gəldiyimiz mövzularda, amma həm də fərqli mövqelərdə olduğumuz mövzularda da açıq danışa bilmişik və geniş söhbətlərimizdə hər iki tərəf bir-biri ilə açıq danışa bilib, səmimi söhbət apara bilib. Biz elə bir dünyada yaşayırıq ki, burada çox sürətlə dramatik dəyişikliklər olur. Cənab Prezident artıq bizim ölkələrimizi nəyin birləşdirdiyini dedi. Bizi birləşdirən həm də odur ki, beynəlxalq qayda-qanunun qorunmasına, dünyanın qaydalar əsasında işlənməsinə maraq göstəririk və gələcək nəsillərə də qaydasız dünya miras qoymaq istəmirik.

Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Biz iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq dediniz və bir neçə aspekti bildirdiniz ki, həm də Azərbaycanın Almaniya üçün böyük rolu olub 2022-ci ildə. Bizim bir qayda olaraq Rusiyadan aldığımız qaz tədarükümüzdə qapanma yaranmağa başlayanda Azərbaycan burada üzərinə xeyli məsuliyyət götürdü və mən buna görə çox təşəkkür edirəm. Buna görə mən Sizin sözlərinizdən belə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Buna görə də infrastrukturun yaxşılaşdırılması üzərində işləməliyik. Bu, hələ ki, yetərincə deyil. Buna görə bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.

Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, buradan çox vacib ticarət yolları keçir və bu da dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə ticarət əlaqələrimizdə ölkənizin rolu var, yaxud da ki, Cənub-Qərbi Asiya ilə, Çinlə. Biz bilirik ki, hazırda mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Sizin region – Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz Azərbaycanla qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Mən kənardan bunu müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizi çox mütəəssir edir. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim, ümid edirəm ki, bu anlaşma ilə önəmli bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, bu vəziyyət saxlanacaq və bundan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik. Çox sağ olun.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub
Next: Azərbaycan Dünya Bankı ilə birlikdə yeni layihələr həyata keçirmək istəyir

OXŞAR MÖVZULAR

sandu-ilham

İlham Əliyev Antalyada görüşlər keçirdi

admin 17/04/2026
somali sefir

İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026
kolumbiya sefir

İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.