Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
“Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.

Qeyd edək ki, 1965-ci ildə Göyçayda anadan olan İslam Vahid oğlu Rzayev 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir.
1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmiş Rzayev 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi işə başlayıb. Daha sonra Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov(hazırkı Xəzər rayonu-red.) rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.
“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.
İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür./azpolitika.info
