“Qarşıdakı aylarda qızıl bazarında orta müddətli perspektiv üzrə müsbət fundamental fonun qalacağı gözlənilsə də, qısamüddətli mərhələdə yüksək risk, kəskin qiymət dəyişkənliyi və həssas bazar davranışının davam edəcəyi ehtimal olunur”.
Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov açıqlamasında qiymətli metal bazarındakı hazırkı durumu şərh edərkən deyib.

O, son həftələrdə qızıl bazarında qiymətlərin enməsi fonunda qarşıdakı aylar üçün vəziyyəti belə proqnozlaşdırıb:
“Qiymətli metallar bazarında hazırkı vəziyyət onu göstərir ki, uzunmüddətli perspektivdə qiymətləri dəstəkləyən fundamental amillər mərkəzi bankların davamlı alışları, artan geosiyasi risklər, kapitalın qoruyucu aktivlərə yönəlməsi və inflyasiya risklərinə qarşı tələbat öz qüvvəsini saxlayır. Bununla yanaşı, qısamüddətli dövrdə bazarda kəskin qiymət dalğalanmaları müşahidə olunur. Mövcud geriçəkilmənin başlıca səbəbləri yüksək neft qiymətləri, inflyasiya təzyiqinin güclənməsi, ABŞ dollarının möhkəmlənməsi və faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə saxlanılacağına dair gözləntilərlə bağlıdır. Adətən geosiyasi gərginliyin artması qızılın qiymətini dəstəkləyən amil kimi çıxış edir. Lakin hazırkı mərhələdə neftin bahalaşması inflyasiya risklərini artırıb və bu, bazarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın müddətdə faiz endiriminə getməyəcəyi ilə bağlı gözləntiləri gücləndirib. Nəticədə, yüksək faiz mühiti fonunda gəlirlilik təklif edən maliyyə alətləri daha cəlbedici görünür və bu amil qızılın qiymətinə təzyiq göstərir”.
Ekspert mərkəzi bankların tələbinin bazarı dəstəkləyən əsas amillərdən biri olaraq qaldığını bildirib:
“Bir qayda olaraq, geosiyasi gərginliyin zəifləməsindən sonra qeyri-müəyyənliyin azalması fonunda qızıl və gümüş üzrə bərpa meyilləri güclənə bilir. Lakin bu dəfə proses fərqli istiqamətdə inkişaf edib: geosiyasi risklərin fonunda neftin bahalaşması inflyasiya təzyiqini artırıb, bu isə faiz dərəcələrinin yüksək səviyyədə qalacağı ehtimalını ön plana çıxarıb və nəticə etibarilə qızılın qiymət dinamikasına mənfi təsir göstərib. Mərkəzi banklar 2025-ci ildə 900 tona yaxın qızıl alıblar 2026-cı ilin yanvarında alış tempi nisbətən zəifləsə də, tələb davam edib”.
R.Əmircanov qarşıdakı aylar üzrə baza ssenarisini də açıqlayıb. O, qızıl qiymətlərinin sabit və xətti artım trayektoriyası üzrə deyil, yüksək dəyişkənlik şəraitində eniş və yüksəlişlərlə hərəkət etməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, geosiyasi gərginliyin uzanması, dolların zəifləməsi və faiz siyasəti ilə bağlı sərt gözləntilərin yumşalması halında 5000 dollar və daha yüksək səviyyələr yenidən real hədəf kimi gündəmə gələ bilər.
“Azərbaycan bazarı baxımından beynəlxalq bazarda baş verən dəyişikliklər daxili bazara da birbaşa təsir göstərir, hərçənd bu ötürülmə mexanizmi bəzi hallarda zaman fərqi ilə özünü büruzə verir. Eyni zamanda, pərakəndə seqmentdə zinət əşyalarının qiyməti yalnız qlobal qızıl qiymətləri ilə deyil, həm də işçilik xərcləri, əyar göstəricisi və ticarət marjası ilə müəyyən olunur”, — deyə ekspert vurğulayıb./ Yenicag.az
