“Bağlanmış müqavilədə artıq xərclərin aparılması ilə bağlı nöqsana 13 qurumda 30 halda yol verilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bu, cari nəzarətin gücləndirilməsini tələb edir:
“Satınalma müqavilələrinin şərtlərində, o cümlədən qiymətlərində dəyişiklik edilməsi ilə bağlı pozuntuların sayı ümumi pozuntuların sayının 1/3-nə bərabərdir. Xüsusi çəkisi kifayət qədər böyükdür. Bu isə sövdələşmə və digər risklərin mövcudluğunu göstərir”.
“Nəzarət tədbirlərinin nəticələri göstərir ki, keçirilmiş rəqabətli satınalmaların yarısında müqavilə məbləğləri ehtimal olunan qiymətdən 20 faiz və daha çox fərqlənib. Eyni zamanda bir mənbədən satınalma metodu ilə əksər hallarda ehtimal olunan qiymət hesablanmır. 2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq olunmaqla keçirilən dövlət satınalmaları barədə məlumata əsasən, bir mənbə üzrə satınalmanın yalnız 2 faizində ehtimal olunan məbləğ hesablanıb. Aparılan təhlillər göstərir ki, məbləğ ifadəsində ən böyük fərq əsasən tikinti, tibb sahəsi və enerji layihələri kimi sahələr üzrə bağlanan müqavilələr üzrə olub”, – deyə sədr vurğulayıb.
