Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi-31 ünvanında yerləşən Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında, məskunlaşmış məcburi köçkünlərin 10 ədəd yanmış, 11 ədəd ziyan çəkmiş mənzillərinin, dəhlizlərin və pilləkən qəfəslərinin təmiri üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “Union Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 226.100,5 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 13.04.2026-ci ildə dərc edilib.
BU satınalmada bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, fərdi yaşayış evlərinin təmiri işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə qurumun satınalma müqaviləsi bağladığı şirkətlə bağlıdır.
Qeyd edək ki, bu sözügedən şirkətlə “Qaçqınkom”a tabeli qurumlar arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti də 03.12.2025-ci ildə Gəncə şəhərində salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin təmiri üzrə “Union Group” MMC ilə 315.059,52 manat dəyərində müqavilə bağlayıb.
Göründüyü kimi “Qaçqınkom”a tabeli qurumlar son beş ayda “Union Group” MMC ilə ümumi dəyəri 541 159 manat dəyərində iki müqavilə bağlayıb. Bəs bu şirkət haqqında nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNION GROUP” (VÖEN: 1503236181) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 1 , ev.50F, m.50F, qanuni təmsilçisinin isə Qasımzadə Tural Cəmşid oğlu olduğu qeyd edilib.Rəhimov Bayram Yusif oğlu, Abuzərli Ümid Tahir oğlu, Kərimli Vüsal Şamil oğlu müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olublar.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.
MMC-nin qanuni təmsilçiləri kimlardi. Tural Qasımzadə haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 2018-2019-cu illərdə “Union Group” MMC-nin qanuni təmsilçisi olmuş Abuzərli Ümid Tahir oğlu Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğludur. Kərimli Vüsal Şamil oğlu da Tahir Kərimovun qohumudur. Mediada yayılan iddialara görə, şirkət elə Tahir Kərimova məxsusdur.
Qeyd edək ki, Tahir Kərimov 2006-2011-ci illərdə Daşkəsən rayonunun, 2011-2016-cı illərdə isə Salyan rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2015-ci ildə gül-çiçək altından keçməsi ilə gündəmə gəlmişdi. Elə bu olaydan sonra da tutduğu vəzifədən azad edilib. Vəzifəsindən azad edildikdən iki sonra “Union Group” MMC-ni təsis edib.
Xüsusilə qeyd etmək istərdik ki, “Union Group” MMC satınalmalarda yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların tenderlərini udub. Bu isə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə keçmiş icra başçısının isti münasibətlərindən irəli gəldiyini göstərir. Müvafiq sahədə təcrübəsi, lisenziyası olmayan bir şirkətlə bir mənbədən satınalma müqaviləsinin bağlanılması dolayısı ilə yaşıl işıq yandırmaq deməkdir. Təbii ki, bu şəraiti də Komitə sədri Rövşən Rzayev yaradır.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətin direktoru Rafiq İbrahimovdur. O, bu vəzifəyə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə 2029-cu ilin fefralında təyin edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayevin ən yaxın adamlarından biri sayılır.
Aktualinfo.net
