Konstitusiya Məhkəməsində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli Liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikanın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.
Sədr Fərhad Abdullayev Azərbaycançılıq ideyasının müasir dövrdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi naminə mühüm işlər həyata keçirdiyini, məhz onun rəhbərliyi ilə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyularaq inkişaf etdirildiyini vurğulayıb.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkədə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikanı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenleyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.
Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəni müxtəlif tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini, onun müdrikliyinin, milli maraqlara sadiqliyinin və siyasi iradəsinin xalqın tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışan Səbinə Əliyeva vurğulayıb ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüdür.
Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi ilə respublikada aparılan məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.
Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr xalqın rifahı üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatların bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirildiyini vurğulayıb.
