Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.
Bu mundial tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.
Açılış qarşılaşması isə Mexiko şəhərində ev sahibi Meksika yığması ilə Cənubi Afrika arasında baş tutacaq oyunla start götürəcək.

Qeyd edək ki, maraqlı qruplardan biri də elə məhz Meksikanın da yer aldığı A qrupudur. Çünki burada ev sahibi Meksika ilə yanaşı, sürpriz etməsi gözlənilən Cənubi Koreya yığması, Avropanın təhlükəli kollektivlərindən sayılan Çexiya yığması və fiziki gücü ilə seçilən Cənubi Afrika milli komandası yer alır.
Qrup komandalarının heyət dəyərlərinə baxsaq, “Transfermarkt”-ın məlumatına görə, ən bahalı kollektiv Çexiya yığmasıdır.

Avropa təmsilçisinin ümumi heyət dəyəri 176,8 milyon avro qiymətləndirilir. Cənubi Koreya 136,75 milyon avro ilə ikinci sıradadır. Ev sahibi Meksikanın heyət dəyəri 79,8 milyon avro təşkil edir. Cənubi Afrika isə 41,15 milyon avro ilə qrupun ən aşağı bazar dəyərinə malik komandasıdır.

Buna baxmayaraq, analitiklər və mərc şirkətləri A qrupunun əsas favoriti kimi məhz Meksikanı göstərirlər. Bunun əsas səbəbi ev sahibi amili, iqlimə uyğunlaşma üstünlüyü və azarkeş dəstəyidir. Hazırkı proqnozlara görə, Meksikanın pley-off mərhələsinə yüksəlmək ehtimalı təxminən 89 faiz hesab olunur. Çexiyanın növbəti mərhələyə çıxmaq şansı 75 faiz, Cənubi Koreyanın 69 faiz, Cənubi Afrikanın isə 39 faiz qiymətləndirilir.

Qrup liderliyi uğrunda əsas mübarizənin isə Meksika ilə Çexiya arasında keçəcəyi gözlənilir. Çexiya son illərdə Avropa futbolunda daha balanslı və taktiki oyun sərgiləyən kollektivlərdən biri kimi qiymətləndirilir. Komandanın heyət dəyərinin yüksək olması da futbolçuların Avropanın aparıcı liqalarında çıxış etməsi ilə bağlıdır.
Cənubi Koreya isə sürətli keçidlərə əsaslanan oyunu ilə təhlükəli rəqib hesab olunur. Asiya təmsilçisi xüsusilə intizamlı müdafiəsi və əks-hücum futbolu ilə seçilir. Son mundiallarda nümayiş etdirdiyi performans da göstərir ki, komanda favoritlərə problem yaratmaq potensialına sahibdir.

Cənubi Afrika isə qrupun ən zəif komandası kimi göstərilsə də, futbol ekspertləri bu kollektivin fiziki gücünü və atletik oyununu əsas təhlükə faktorlarından biri sayırlar.
A qrupunda keçiriləcək ilk oyunların təqvimi belədir:
11 iyun
– Meksika – Cənubi Afrika (Mexiko şəhəri)
– Çexiya – Cənubi Koreya (Qvadalaxara)
Qeyd edək ki, turnirə bir aydan az vaxt qalmasına baxmayaraq, artıq bir sıra milli komandalar ciddi itkilərlə üzləşib. Son iki ay ərzində bəzi aparıcı futbolçular zədələr səbəbindən mundialdan kənarda qalıb./azpolitika.info
