Xüsusi icra məmurları ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif edilir. Təklif olunan qaydalara əsasən, and içmədən və rəsmi reyestrə daxil olunmadan fəaliyyət göstərən şəxslər 1500 manatadək cərimələnəcək.
Bundan başqa, xüsusi icra məmuruna məxsus geyim formasını və ya rəsmi nişanını qanunsuz şəkildə istifadə edən şəxslər 700 manatadək cərimə ediləcək. Reyestrdəki məlumatlarda dəyişiklik olduqda bu barədə vaxtında məlumat verməyən xüsusi icra məmurlarına isə 500 manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.
Vəkil Emil Aslanov mövzu ilə bağlı verdiyi açıqlamada həmin qanunla xüsusi icra məmuru məhkəmələrin və digər orqanların qərarlarının icrasını həyata keçirmək üçün şəhadətnamə almış fiziki şəxslər olacağını bildirib.
Vəkil qeyd edib ki, həmin şəxslər məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar onlar fəaliyyətini peşəkar əsaslarla həyata keçirməli, dövlət hakimiyyətinin nümayəndəsi hesab edilmədən peşə fəaliyyətini həyata keçirərkən müstəqil və yalnız qanuna tabe olan şəxslər olacaqdır.
Bəs xüsusi icra məmurunun geyim və nişanından qanunsuz istifadə halları nə qədər təhlükəlidir və bu cür hallar hansı hüquqi nəticələrə yol açır?
Vəkil Emil Aslanov açıqlamasında xəbərdarlıq edir ki, həmin qanunun pozulması artıq ciddi inzibati məsuliyyətə səbəb olacaq. O bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 528-prim 3-cü maddəsinə uyğun olaraq, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına görə aşağıdakı sanksiyalar tətbiq ediləcək:
“528-prim 3.1-ci maddəyə uyğun olaraq, xüsusi icra məmuru haqqında qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar xüsusi icra məmurlarının reyestrinə daxil olmayan şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə şəxslər 1500 manat məbləğində cərimə ediləcəklər”.
Vəkil xüsusi olaraq vurğulayıb ki, 528-prim 3.2-ci maddəyə əsasən, xüsusi icra məmurunun vahid geyim formasını və ya xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə həmin geyim və ya nişan müsadirə edilməklə, şəxslər 500 manatdan 700 manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin, o qeyd edib ki, 528-prim 3.3-cü maddəyə görə, reyestr məlumatlarında baş vermiş dəyişikliklər haqqında 3 iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə nəzərdə tutulur:
“528-prim 3.4-cü maddəyə əsasən, barəsindəki məlumatlar reyestrə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlanılmasına görə xəbərdarlıq edilir və ya 500 manat məbləğində cərimə tətbiq olunur.
528-prim 3.5-ci maddəyə əsasən, xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına və ya icra hərəkətlərini həyata keçirməsinə görə 1500 manat məbləğində cərimə müəyyən edilib”.
Emil Aslanovun sözlərinə görə, 528-prim 3.6-cı maddəyə əsasən, icra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər isə 800 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcəklər.
Vəkil əlavə edib ki, 528-prim 3.7-ci maddəyə əsasən, xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatlarından icra hərəkətləri ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Vəkil Emil Aslanov sonda vurğulayıb ki, bütün bu qanun pozuntuları artıq İnzibati Xətalar Məcəlləsi ilə öz əksini tapmışdır və qanunu pozanlar üçün ciddi inzibati məsuliyyət yaradacaqdır./oxu24.com
