Çin əhalinin əlçatan və keyfiyyətli mənzillə təmin edilməsinə yönəlmiş siyasəti davam etdirəcək.
Bunu Bakıda keçirilən Çinin Mənzil Tikintisi və Şəhər və Kənd İnkişafı Nazirliyinin nümayəndəsi Van Şentszyun nazirlik səviyyəsində dəyirmi masada bildirib.
Onun sözlərinə görə, keyfiyyətli mənzil əlverişli şəhər mühitinin, dayanıqlı yaşayış məhəllələrinin, inkişaf etmiş icmaların və səmərəli inkişaf zonalarının formalaşması üçün təməldir.
“Biz insanlar üçün innovativ, yaşayış üçün əlverişli, dayanıqlı, sivil və “ağıllı” müasir şəhərlər yaratmağa çalışırıq. Bu, Çin xüsusiyyətlərinə malik urbanizasiya modernləşdirilməsi yoludur”, – o qeyd edib.
V.Şentszyun vurğulayıb ki, Çin təhlükəsiz, rahat, ekoloji cəhətdən təmiz və intellektual mənzillərin inşası zamanı əsas prinsiplər kimi layihələndirmə, dizayn, material seçimi, tikinti və xidmətin yüksək standartlarına riayət edir.
Onun sözlərinə görə, şəhərlərdə köhnə mənzil fondunun modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu proseslər çərçivəsində inkişaf etmiş infrastruktura və yüksək yaşayış səviyyəsinə malik keyfiyyətli yaşayış kompleksləri formalaşdırılır.
V.Şentszyunun sözlərinə görə, Çin həmçinin yaşamaq üçün təhlükəsiz, sağlam və səmərəli idarə olunan mühiti təmin edən kompleks icmaların yaradılmasına xüsusi diqqət yetirir. O qeyd edib ki, renovasiya dinamik inkişaf edən şəhər məkanlarının formalaşdırılması üçün mühüm alətdir:
“Şəhərlər urbanizasiyanın mühüm infrastrukturudur. Dünya şəhərlərinin gələcəyi qlobal əməkdaşlıq tələb edir. Çin hökuməti müxtəlif ölkələrdə mənzil sahəsinin inkişafını dəstəkləməyə davam edəcək”.
O həmçinin qeyd edib ki, Ümumdünya Şəhərlər Günü və Dayanıqlı Şəhərlər Mükafatı çərçivəsində Çin beynəlxalq konsensusun formalaşmasına, əməkdaşlığın möhkəmləndirilməsinə və bütün insanlar üçün daha yaxşı yaşayış şəraitinin yaradılmasına yönəlmiş Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin təşviqinə kömək etmək niyyətindədir.
