Trampın Netanyahuya: “Mən olmasaydım, indi həbsdə idin”
ABŞ Prezidenti Donald Trumpın telefon danışığı zamanı İsrailin Baş naziri Benjamin Netanyahuya Livanda gərginliyi artırdığı üçün sərt reaksiya göstərərək, “Mən olmasaydım, indi həbsdə idin” deyib.
Bu məlumatı “Axios” xəbər platforması iki amerikalı rəsmiyə istinadən yayımlayıb.
Məlumatda bildirilir ki, Tramp dünən telefonla danışdığı Netanyahuya qarşı sərt mövqe nümayiş etdirib. Belə ki, Tramp İsrailin son günlər Livanda gərginliyi artırmasından narahatlığını açıq şəkildə ifadə edib və bunun ABŞ-nin İranla apardığı danışıqlar prosesinə zərər vurduğunu bildirib.
O, Netanyahuya müraciətlə “Sən dəlisən” ifadəsini işlədib.
Anadolu Agentliyinin yaydığı xəbərə əsasən, Tramp söhbət zamanı Netanyahu barəsində aparılan korrupsiya araşdırmalarına da toxunaraq, “Mən olmasaydım, indi həbsdə idin” deyib.
Xəbərdə adı açıqlanmayan rəsmilərdən birinin sözlərinə görə, Tramp Netanyahuya belə deyib: “Səni mən xilas edirəm. Hazırda hamı səndən nifrət edir və buna görə də hamı İsrailə nifrət edir.”
Xatırladaq ki, Tramp Netanyahu ilə apardığı telefon danışığından sonra sosial şəbəkə hesabında açıqlama yayıb.
O bildirib ki, İsrail Baş naziri ilə “çox yaxşı” söhbət edib. Trampın sözlərinə görə, İsrail Beyruta qoşun göndərməyəcək və əgər yola çıxmış hərbi qüvvələr varsa, onlar da geri qaytarılacaq.
Tramp həmçinin qeyd edib ki, o, dolayısı ilə Hezbollah ilə də əlaqə saxlayıb və tərəflər bütün qarşıdurmaların dayandırılması barədə razılığa gəliblər.
O, paylaşımında belə yazıb:“İsrail onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər.”
Onu da xatırladaq ki, Netanyahu üç ayrı korrupsiya işi üzrə “rüşvət alma”, “dələduzluq” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə məhkəmə qarşısındadır.
Tramp 2025-ci ilin noyabr ayında da Netanyahuya qarşı aparılan korrupsiya işləri ilə bağlı onun əfv olunması üçün Isaac Herzoga məktub göndərmişdi.
Netanyahu da 2025-ci ilin noyabr ayında barəsində davam edən korrupsiya məhkəmə prosesləri üzrə əfv olunması üçün Prezident Hersoqa rəsmi müraciət etmişdi.
